BAKI, 9 iyun. TELEQRAF
Keçmiş Prezident Bəşər Əsədin devrilməsindən sonra altı ay ərzində Suriya 16 milyard dollara yaxın investisiya və beynəlxalq yardım alıb.
Teleqraf xəbər verir ki, bu barədə “The National” məlumat yayıb.
Ən böyük sərmayə Qətərin “UCC Holding” şirkətindən gəlib. Şirkət Suriyada dörd qaz elektrik stansiyası və 1 gigavatlıq günəş elektrik stansiyası tikintisinə 7 milyard dollar vəsait yatıracaq. Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı isə ölkənin infrastrukturunun bərpası, sosial müdafiə sisteminin gücləndirilməsi və rəqəmsal startapların dəstəklənməsi üçün 1,3 milyard dollarlıq üçillik plan hazırlayıb. Mart ayında Brüsseldə keçirilən beynəlxalq konfransda Avropa donorları Suriyanın yenidənqurulmasına 6,5 milyard dollar vəd edib.
Nəşr qeyd edir ki, investisiyaların kəskin artımı uzun illər davam edən iqtisadi tənəzzül və təcridə qarşı ciddi irəliləyiş deməkdir. 2011-ci ildə Suriyanın ümumi daxili məhsulu 67,5 milyard dollar səviyyəsində olub və dünya ölkələri arasında 68-ci yeri tuturdu. Lakin 2023-cü ilə qədər davam edən münaqişələr və sanksiyalar nəticəsində iqtisadiyyat 85% kiçilərək 9 milyard dollara enib və ölkə qlobal reytinqdə 129-cu yerə düşüb.
Ümumdünya Bankının proqnozuna görə, Suriyanın iqtisadiyyatının tam bərpası üçün təxminən 400 milyard dollar tələb olunur.