BAKI, 16 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ilk səlahiyyət müddətində İraqa gizli səfərinin təfərrüatlarını açıqlayaraq, səfər zamanı həyatının təhlükədə olduğunu iddia edib.
Teleqraf xəbər verir ki, Tramp bu səfəri ABŞ generalı ilə görüşmək və İŞİD-ə qarşı mübarizənin həllində gecikmənin səbəbini öyrənmək üçün etmək qərarına gəldiyini bildirib.
“Bir terror qrupunun (İŞİD) necə bu qədər uzun sürə biləcəyini başa düşmədim, ona görə də qərar verdim ki, özüm (İraqa) getməliyəm”, - Amerika lideri deyib.
Donald Tramp uçuşun təfərrüatları barədə danışarkən qeyd edib:
“Səhər saat 03:00-da yola düşdüm, “Air Force One” məni gözləyirdi. Mənə dedilər ki, cənab, problemimiz var, düşmən ərazisi üzərində uçarkən bütün işıqları söndürməli və pərdələri bağlamalıyıq. Mən heç nə görmürdüm - nə işıq, nə bir iz”.
Prezident səfərin ciddi təhlükəsizlik tədbirləri ilə əhatə olunduğuna və əvvəlcədən xəbər verilmədiyinə diqqət çəkib.
Tramp əlavə edib ki, səfər zamanı Qabil adlı bir iraqlı generalla görüşüb və ondan İŞİD-in məğlubiyyətinin niyə bu qədər uzun çəkdiyini soruşub:
“General söylədi ki, mənə tam səlahiyyət versəniz, cəmi üç həftəyə İŞİD-i məhv edərəm”.
General ona əməliyyatlara qoyulan məhdudiyyətlərin təyyarələri uzaq bazalardan uçmağa məcbur etməsi, hava hücumlarının effektivliyini azaltması barədə məlumat verib:
“Vaşinqtona qayıtdıqdan sonra planı təsdiqlədim, qısa müddət sonra paytaxtda mənə dediklərinin əksinə olaraq, “İslam Dövləti Xilafəti”ni 100 faiz məğlub etdik”.
Xatırladaq ki, tarix dəqiqləşdirilməsə də, Ağ Ev 2018-ci ilin dekabrında Prezident Tramp və həyat yoldaşı Melaniyanın ABŞ əsgərlərini Milad bayramı münasibətilə təbrik etmək üçün İraqın qərbindəki Ənbar əyalətindəki Ayn əl-Əsəd hava bazasına gözlənilməz səfər etdiyini açıqlamışdı.