BAKI, 9 aprel. TELEQRAF

İsrail Livanın cənubundan çəkilib hava zərbələrini dayandırsa, “Hizbullah” Beyrutla tərksilah məsələsi ilə bağlı danışıqlar aparmağa hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə “Hizbullah” Hərəkatından “Reuters” agentliyinə bildirilib.

Livandakı üç siyasi mənbənin dediyinə görə, yanvarda vəzifəyə başlayarkən silahlara dövlət nəzarətini təmin edəcəyinə söz verən ABŞ-nin dəstəklədiyi Prezident Cozef Aun “Hizbullah”la onun arsenalı ilə bağlı tezliklə danışıqlara başlamaq niyyətindədir.

Ötən il İsraillə müharibə və “Hizbullah”ın Suriyadakı müttəfiqi, keçmiş prezident Bəşər Əsədin devrilməsi nəticəsində güc balansı pozulduqdan sonra hərəkatın tərksilah edilməsi ilə bağlı müzakirələr intensivləşib.

Qeyd olunur ki, “Hizbullah” 2024-cü ildə İsraillə baş vermiş münaqişədən ciddi şəkildə zəifləyib, onun liderləri və minlərlə döyüşçüsü öldürülüb, raket arsenalının böyük hissəsi məhv edilib. “Hizbullahın” yüksək rütbəli rəsmisi deyib ki, hərəkat silahların təhvil verilməsini müzakirə etməyə hazırdır, amma bu, İsrailin Livanın cənubundakı beş təpədən qoşunlarını çıxarmasına bağlıdır.

Məlumatda vurğulanır ki, “Hizbullah” İranın Yaxın Şərqdə dəstəklədiyi paramilitar qrupların ən güclüsü olub, amma Əsədin devrilməsindən sonra ona Suriya vasitəsilə İrandan tədarük xətləri kəsilib.

“Reuters” bazar ertəsi məlumat yaymışdı ki, İraqda İranın dəstəklədiyi bir neçə proksi qrupu ABŞ ilə artan münaqişə təhlükəsinin qarşısını almaq üçün ilk dəfə tərksilah olmağa hazırdır. Söhbət “Kətaib Hizbullah”, “Nücəba”, “Kətaib Seyyid əl-Şühada” və “Ənsarallah əl-Əvfiyyə” qruplaşmalarından gedir.