Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub.

Prosesdə Rauf Mirqədirovun anket məlumatları dəqiqləşdirilib. Daha sonra R. Mirqədirovun vəkili Fuad Ağayev vəsatətlə çıxış edib. O, cinayət işi üzrə icraata xitam verilməsini, həbs qətimkan tədbirinin ləğv edilərək azadlığa buraxılmasını, sübut kimi yolverilməz olan materialların cinayət işindən xaric edilməsini, Ermənistan vətəndaşları Şahnazaryan David, Laura Baqrasiyanın əlavə şahid qismində məhkəməyə çağırılmasını istəyib.

Rauf Mirqədirov vəsatətləri müdafiə edib.

Dövlət ittihamçısı Mübariz Miriyev vəsatətlərin təmin edilməməsini istəyib. O, cinayət işinin məhkəmə baxışına verilməsini təklif edib: "Rauf Mirqədirov Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham olunur ki, bu da dövlətə xəyanət maddəsidir. İşdə dövlət sirri olan məlumatlar olduğundan prosesin qapalı keçirilməsini xahiş edirik".

Hakimlər müdafiə tərəfinin vəsatətlərini təmin etməyib. Prosesin qapalı keçirilməsi barədə qərar qəbul ediblər.

Məhkəmə baxışı noyabrın 18-nə təyin edilib.

Qeyd edək ki, Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Hacı Zeynalov