Bakının Binəqədi rayonunda qadının evinə basqın edən maskalı şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-də Zemfira Baxşəliyevanın 20000 manatını və qızıl əşyalarını quldurluq yolu ilə almış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Aslanov tutulub.
Qeyd edək ki, hadisə Binəqədi qəsəbəsi, 3-cü mədən korpusu, ev 81 ünvanında baş verib. Bakı şəhər sakini 1937-ci il təvəllüdlü Zemfira Baxşəliyevanın evinə basqın edilib. Hasardan aşaraq evə daxil olan naməlum şəxslər Zemfira Baxşəliyevadan pul tələb edib.
O, üzlərində maska olan həmin şəxslərə pul verməkdən imtina edib. Bu zaman basqınçılar Zemfira Baxşəliyevanı taxta parçası ilə döyərək, bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirib.
Öldürülcəyindən ehtiyat edən qadın maskalı şəxslərə evdə olan pulun yerini deyib. Həmin şəxslər 20 min manat və bir ədəd qızıl üzüyü götürüb, həmçinin qadının qulağında olan qızıl sırğaları da qopararaq hadisə yerindən qaçıblar. Zemfira Baxışəliyeva Kliniki Tibbi Mərkəzdə tibbi yardım alıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi məlumatlandırılıb.
Hacı Zeynalov