ŞUŞA, 31 iyul. TELEQRAF
Xankəndi Şuşa yolunda baş verən qəza zamanı xəsarət alan şəxsin durumu açıqlanıb.
Teleqraf-ın Qarabağ bürosunun TƏBİB-ə sorğusuna cavab olaraq bildirilib ki, iyulun 30-da saat 21:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Xankəndi-Şuşa yolu ərazisindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb, 1 nəfər (kişi) isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
1990-cı il təvəllüdlü şəxsə dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Müalicəsi Reanimasiya şöbəsində davam etdirilən pasiyentin vəziyyəti ağır qiymətləndirilir.
***
11:00
Xankəndi-Şuşa yolunda baş verən qəzada 1 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, ötən gecə Şuşa-Xankəndi avtomobil yolunda hərəkətdə olan "Tofaş" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı beton maneəyə çırpılıb.
Nəticədə sürücü Bayram Verdiyev hadisə yerində ölüb. Avtomobildə olan Orxan Şirinov isə ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.