BAKI, 13 mart. TELEQRAF
Bakının Xəzər rayonunda qudalar arasında yaranan mübahisə dava ilə nəticələnib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Goranboy rayon sakini, 1977-ci il təvəllüdlü Namiq Bağırov oğlunun nişanlısının anası Tamaradan (ad-soyad şərti verilib – red.) 1000 manat məbləğində borc alıb.
Daha sonra borcun qaytarılması ilə bağlı aralarında narazılıq olub. Onların mübahisəsi dava-dalaşla nəticələnib.
Bağırovun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə ittiham elan edilib.
Bağırov izahatında bildirib ki, sonuncu dəfə təxminən 5 ay əvvəl Tamaranın evində olub: “Tamaradan pulu oğlum Sərxan faizlə götürüb. Həmin pul faizlə də geri qaytarılıb. Bu hadisələrdən sonradan məlumatım olub. Sərxan ilə Tamaranın qızı nişanlı olublar. Lakin həmin nişan pozulub”.
Təqsirləndirilən şəxs deyib ki, Tamara ilə nə telefon danışığı, nə də görüşüb olub: “Yaşadığı ünvana gedərək onu təhqir etməmişəm. Onun evinə nə oğlum, nə də özüm getmişəm”.
İş üzrə zərərçəkmiş Tamaranın sözlərinə görə, Namiqin oğlu Sərxan onun qızı ilə nişanlı olub: “Namiqlə keçmiş quda hesab olunuruq. Mən qızıllarımı lombarda qoyaraq onlara borc pul vermişəm. Lakin həmin pulu geri tələb etdikdə telefon vasitəsilə təhqir olunmuşam. Daha sonra Namiq oğlu ilə birlikdə yaşadığım ünvana gələrək məni nalayiq sözlərlə təhqir etdilər”.
Xəzər Rayon Məhkəməsinin qərarı ilə Namiq Bağırovun əməlində inzibati xətanın tərkibi olmadığı müəyyən edilib.
Onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata Cinayət Məcəllənin 53.1.1-ci maddəsinə əsasən xitam verilib.