BAKI, 4 dekabr. TELEQRAF

Şəmkirdə telefon mübahisəsinə görə tanışını bıçaqlayan şəxsin cinayət işi ürə məhkəmə araşdırması başa çatıb.

Teleqraf xəbər verir ki, Şəmkir rayonunda telefon üstündə başlayan mübahisə ağır xəsarətlə nəticələnib.

İstintaq materiallarına görə, təqsirləndirilən 20 yaşlı Qafar Abbasov gecə saatlarında Kür qəsəbəsində tanışı Elmarla mübahisə edib. Səbəb tərəflərin bir neçə gün əvvəl telefonlarını dəyişmələri, geri qaytarılan zaman isə Elmarın telefonunda nasazlıq olması olub. Qafar Elmara nasaz telefonu ona verdiyinə görə irad bildirib.

Mübahisə zamanı Elmarın nalayiq ifadələr işlətməsi və Qafara zərbə vurması davanı daha da gərginləşdirib. Bundan hiddətlənən Qafar üzərində gəzdirdiyi məişət bıçağı ilə Elmarın sol qoltuqaltı nahiyəsinə zərbə vurub.

Hadisədən sonra Qafar qaçaraq bıçağı gizlədib, lakin daha sonra atasının məsləhəti ilə təslim olub və bıçağı polisə təqdim edib.

Elmar ifadəsində Qafarın onu qəfil bıçaqladığını, tərəflər arasında əvvəlcədən də telefon problemi üstündə mübahisə yaşandığını bildirib. Zərərçəkmiş məhkəmədə Qafarla barışdığını, şikayət və tələbinin olmadığını deyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Qafar Abbasov Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib. Ona 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.