BAKI, 3 dekabr. TELEQRAF

Valideyn himayəsindən məhrum olaraq 5 yaşından internat məktəbində böyüyən 23 yaşlı Samir Mahmudov (soyad şərti) qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Teleqraf xəbər verir ki, ittihama görə, Samir Mahmudov tanışı Camulla Rəşidovla (soyad şərti) aralarında olan pul mübahisəsi zəminində sözlü münaqişə yaşayıb. Mübahisə zamanı Camullanın sinə nahiyəsindən bıçaqla qəsdən bir dəfə zərbə vurub.

İstintaq Samir Mahmudovu Azərbaycan Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham etsə də, məhkəmə prosesində bu cinayətin xuliqanlıq niyyətilə törədildiyi təsdiqini tapmayıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, “Seyidin dönəri” kafesində gecə növbəsində çalışıb və Camullanı əvvəldən tanıyıb. Motosikleti Camulladan hissə-hissə ödənişlə aldığını, lakin daha sonra ehtiyac üzündən başqa şəxsə satdığını deyib. Hadisə günü Camulla ondan pulu tələb edərək onu işlədiyi sexə aparıb və qapını bağlayıb. Samir burada gördüyü iki bıçaqdan birini götürərək cibinə qoyub.

O, bıçağı Camullanın qoluna atdığını, lakin Camulla geri çəkildiyi üçün zərbənin sinəsinə dəydiyini bildirib. Samir əməlindən peşman olduğunu deyib, özünü Cinayət Məcəlləsinin 126.1-ci maddə (qəsdən sağlamlığa ağır zərər vurma) üzrə təqsirli bildiyini qeyd edib. Həmçinin uşaq evində böyüdüyünü, valideynsiz olduğunu və yalnız bir qardaşının qaldığını vurğulayıb.

Zərərçəkmiş Camulla Rəşidov məhkəmədə Samiri bağışladığını və ondan şikayətçi olmadığını bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cinayətin tövsifi dəyişdirilərək Samir Mahmudov Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib və 4 il müddətinə azadlıqdan məhrum edilib.