BAKI, 2 dekabr. TELEQRAF
Kürdəmir rayonunun Şilyan kəndində baş verən qətl hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.
Teleqraf xəbər verir ki, 1986-cı il təvəllüdlü Elşən Abdulov həyat yoldaşı, 1990-cı il təvəllüdlü Samirə Abdulovanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirməkdə təqsirləndirilib.
Məlumata görə, Elşən Abdulov məhkəmə qərarı ilə boşanıb, lakin faktiki olaraq Samirə Abdulova ilə ər-arvad münasibətlərini davam etdirib. Abdulov son illərdə həyat yoldaşının müxtəlif şəxslərlə münasibət saxlamasından, 2025-ci ilin may-iyun aylarında isə ondan xəbərsiz dəfələrlə Bakı şəhərinə gələrək naməlum şəxslərlə görüşməsindən şübhələnib.
Qısqanclıq zəminində qisas almaq qərarına gələn E.Abdulov 28 iyun 2025-ci il tarixdə saat 19 radələrində yetkinlik yaşına çatmayan qızını evdən uzaqlaşdırdıqdan sonra mətbəxdən götürdüyü, soyuq silah hesab olunmayan mətbəx bıçağı ilə Samirə Abdulovaya çoxsaylı zərbələr endirib. Qadın hadisə yerində dünyasını dəyişib.
Hadisədən sonra Abdulov “102” xidmətinə zəng edərək arvadını öldürdüyünü bildirib.
Elşən Abdulov məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, həyat yoldaşının uzun müddət başqa şəxslərlə əlaqədə olduğunu, dəfələrlə evdən xəbərsiz getdiyini, uşaqlara qayğı göstərmədiyini iddia edib:
“Hadisə günü arvadımın yenidən kiminləsə telefonla danışdığını gördüm. Mübahisə zamanı mətbəxdən bıçağı götürdüm və əsəblərimə hakim ola bilməyib onu vurmağa başladım. Neçə zərbə endirdiyimi xatırlamıram. Peşmanam. Üç övladım mənim himayəmdədir. Məhkəmədən mənə aşağı həddə cəza verilməsini xahiş edirəm”.
Zərərçəkmiş şəxsin hüquqi varisi - mərhumun atası məhkəmədə ifadə verərək qızının əvvəl ailəsi ilə problemsiz yaşadığını, son illər isə yad şəxslərlə əlaqələr qurduğunu bildirib.
O, hadisə barədə xəbər aldıqdan sonra kürəkəninin evinə gələrək qızının meyitini gördüyünü söyləyib. Mərhumun atası bildirib ki, hazırda Elşən Abdulovu bağışlayıb, ondan şikayəti və tələbi yoxdur.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Abdulov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.