BAKI, 28 noyabr. TELEQRAF

Bakıda “Yango” tətbiqi ilə kuryer işləyən moped sürücüsü qırmızı işıqda keçərək ağır yol-nəqliyyat hadisəsi törədib. Qəza nəticəsində Memarlıq və İnşaat Universitetinin 3-cü kurs tələbəsi ağır xəsarət alıb.

Teleqraf xəbər verir ki, 2006-cı il təvəllüdlü İbrahim idarə etdiyi “TUFAN CUB 50S” markalı mopedlə Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində hərəkətdə olarkən svetoforun qırmızı işığında dayanmayıb. O, Akim Abbasov küçəsi ilə kəsişən yolayrıcına daxil olarkən hərəkət zolağına çıxan “BMW-745” markalı avtomobilə çırpılıb.

İstintaqla müəyyən edilib ki, sürücü həmçinin “Yol hərəkəti haqqında” qanunun tələblərini pozaraq mopedin yedəyində qanunsuz sərnişin daşıyıb.

Qəza zamanı mopedin arxa oturacağında əyləşən tələbə Gülcan yerə çırpılaraq çoxsaylı xəsarətlər alıb.

Məlumata görə, qəzadan əvvəl İbrahim tanışı Rüstəmlə moped yarışı edib və bu zaman qırmızı işıqda keçib.

Hadisə zamanı Gülcan və tələbə yoldaşı Alsu universitetdə olmamalarını izah edərkən bildiriblər ki, həmin gün 8 Mart bayramı ərəfəsində analarına hədiyyə almağa çıxıblar və dərsə gecikdikləri üçün tanışlarının mopedlərinə miniblər.

İbrahim barəsində məhkəməyə qədər başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 267.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.