BAKI, 18 noyabr. TELEQRAF
İstanbulda bir ailənin dörd üzvünün müəmmalı şəkildə zəhərlənərək ölməsi Türkiyə gündəminin əsas müzakirə mövzularından biridir. Zəhərlənmənin səbəbi barədə rəsmi qurumlardan açıqlama verilməyib.
Teleqraf xəbər verir ki, ikisi uşaq olmaqla 4 nəfərin həyatına son qoyan hadisə ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da açıqlama verib.
Ərdoğan bildirib ki, hökumətin ən həssas yanaşdığı məsələlərdən biri təmiz və sağlam qidaya çıxışın təmin olunması və qida təhlükəsizliyidir: “Vətəndaşımızın pulunu ödəyərək aldığı məhsulda saxtakarlıq olmaması üçün nə etmək lazımdırsa, onun üçün səylər göstəririk.
İstanbulda ikisi uşaq olmaqla bir ailənin həyatını itirməsindən sonra media qurumlarında gedən müzakirələrə nəzər saldıqda, bu məsələdəki həssaslığımızın nə qədər doğru və yerində olduğunu bir daha görmüş olduq.
Vətəndaşlarımızın həyatına son qoyan hadisə ilə bağlı araşdırma hazırda çoxşaxəli şəkildə davam etdirilir. Daxili İşlər Orqanlarımız və prokurorluq əməkdaşlarımız lazımi araşdırmanı apararaq ölüm səbəblərini müəyyən edəcəklər”.
Məlumata görə, İstanbulun Fatih rayonuna Almaniyadan gələn ailə "Harbour Suites" adlı hoteldə qalıb. Qida zəhərlənməsi nəticəsində ata Servet Böcek, ana Çiğdem Böcek və iki azyaşlı övladları xəstəxanaya çatdırılıb. Ana və uşaqların ölümündən sonra ata Servet Böcek də 17 noyabrda dünyasını dəyişib. Həmçinin eyni hoteldə qalan daha iki şəxsin də zəhərləndiyi bildirilir.
Yerli mətbuatda yayılan məlumatlara əsasən, hadisə ilə bağlı açılmış cinayət işi çərçivəsində artıq 4 nəfər həbs edilib.