Xırdalan şəhərində 1973-cü il təvəllüdlü Fərid şəxsi münasibətlər zəminində münaqişə zamanı tanışı Bəhruzu (adlar şərti verilib – red.) qətlə yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Fərid ərzaq məhsullarının pərakəndə satışı üzrə ixtisaslaşmış ticarət obyektlərinə, o cümlədən “Mega Siti” ticarət mərkəzinə məxsus Xırdalan şəhərinin Qalubiyyə küçəsindəki “Təzə bazar”a kənd məhsullarının daşınması və satışı ilə məşğul olub.

2021-ci ilin əvvəllərində o, Yasamalda orta məktəbdə onunla təhsil almış, qeyd edilən bazarda meyvə-tərəvəz satışı ilə məşğul olan Bəhruzu görüb. Bəhruzun hələ məktəb illərində onun haqqında “cinsi azlıq”lara mənsub olması barədə şayiələr yaydığını, son bir neçə ayda bazara gəlib-gedərkən yenidən eyni şayiələr yaymaqla məşğul olduğunu eşidib.

Mayın 30-da saat 19 radələrindən “Təzə bazar”ın ətrafına gəlib və Bəhruzun iş sahəsindən kənarlaşmasını gözləyib.

Saat 21 radələrində Bəhruz bazar ərazisində yerləşən ayaq yoluna daxil olduqda onun arxasınca gedib. O, süngü bıçaqla Bəhruza zərbələr vurub. Bəhruz aldığı xəsarətlərdən vəfat edib.

İstintaq orqanı tərəfindən Fəridin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

Bildirib ki, məktəb vaxtından tanımasına baxmayaraq Bəhruzun onunla heç bir səmimiyyəti olmayıb: “Məktəb illərində Bəhruz mənim şərəf və ləyaqətimi alçaldan şayiələr yayıb, mənim cinsi azlıq nümayəndəsi olduğumu söyləyib. Haqqımda yaydığı bu şayiələrə görə onunla söhbət etmək istəsəm də, məndən qaçıb”.

“Otuz beş il sonra...”

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin hadisənin üzərindən 35 il keçdikdən sonra Bəhruzla “Xırdalan bazarı” adlanan yerdə rastlaşıb: “Rastlaşanda əvvəlcə məni yaxşı tanımadı. Məktəb dövründə barəmdə dediklərini 35 il sonra da təkrarlayırdı. İçkili olanda məni söyür, haqqımda yenə eyni şayiələri yayırdı”.

Fərid deyib ki, hadisə günü evdən bıçaqla çıxıb: “Son zamanlar Bəhruz yanında 2-4 adamla olduğu üçün onların mənə hücum edəcəklərindən qorxmuşam, özümü qorumaq məqsədilə hadisə günü evdən özümlə bıçaq götürdüm.

Bəhruz işdən çıxanda baş verənlər barədə onunla söhbət etmək istədim. Onu işdən sonra gözlədim. Xeyli vaxt keçdikdən sonra Bəhruzun artıq evə getdiyini düşündüm. Yaşadığım evlə “Xırdalan bazarı” arasında 40 dəqiqəlik məsafə olduğu üçün ayaqyoluna getməli oldum. Ayaqyolundan çıxanda qapıda Bəhruzla üzbəüz gəldim.

Tibbi maskada olduğum üçün maskanı aşağı saldım və ona “məni tanıdın?” deyə soruşdum. Bu zaman Bəhruz qışqırmağa başladı. Əlini cibinə atmaq istəyəndə sağ əlini tutdum və bıçağı çıxartdım. Əlini cibinə atmaq istədikdə, onun məni vurmaq istəməsindən şübhələndim. Daha sonra Bəhruz məni söydüyünə, qışqırdığına görə əsəblərimi cilovlaya bilmədim, bıçaqla onu vurdum”.

“Məqsədim söhbəti bitirmək idi”

Fərid qeyd edib ki, Bəhruzun onu söydüyünü şəxsən eşidib: “Hadisə günündən təxminən 1 ay öncə Bəhruza tanımadığım şəxslərin içərisində iradımı bildirdim. Hadisə günü “Xırdalan bazarı”na getməkdə əsas niyyətim Bəhruzla aramızda olan söhbəti bitirmək olub. Onun etdiklərinə görə üzr istəyəcəyini gözləyirdim.

Bəhruzu öldürmək niyyətim olmayıb. Özümdən asılı olmayaraq ona bıçaq xəsarətləri yetirmişəm.

Orta məktəbdə oxuduğum vaxtlardan qonşumuz və məktəb yoldaşımız Vəli adlı şəxsin mənim cinsi azlığın nümayəndəsi olmağı barədə şaiyələr yaydığını eşitdim. Bu sözlərindən sonra Vəlini tapdım və ona şillə vurdum, qorxutduqdan sonra barəmdə olan şayiələri Bəhruzun yaydığını söylədi, onun kim olduğunu mənə göstərdi.

Ardınca Bəhruzu oxuduğumuz məktəbdə tapdım. Onunla söhbət etmək üçün çağırmağıma baxmayaraq məndən qaçdı”.

“Peşmanam”

Təqsirləndirilən şəxs deyib ki, şaiyələr ona çox pis təsir etsə də, vaxt keçdikcə haqqında söylənilənləri unutmağa başlayıb:

“Lakin 35 il sonra Bəhruzla rastlaşdığım zaman yenidən eyni hərəkətlərə davam etdi. Ümumən sakit insan olmasına baxmayaraq içki içəndə ünvanıma söyüşlər söyür, insanlar arasında məni təhqir edirdi.

Bəhruzu bıçaqladıqdan sonra bulağa gedərək əl-üzümü, istifadə etdiyim bıçağı yudum. Ardınca təslim olmaq üçün Abşeron rayon polis idarəsinə yollandım. Törətdiyim əməldən peşmanam”.

“Bu qətlin sifarişlə yerinə yetirildiyini düşünürəm”

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində həyat yoldaşı Vüsalə tanınıb.

O bildirib ki, məlum hadisə günü saat 23 radələrində ərinin müdiri Nəsimi evə gəlib və ondan Bəhruzun şəxsiyyət vəsiqəsini istəyib: “Ondan nə baş verdiyini soruşdum. Nəsimi Bəhruzun bıçaqla qətlə yetirildiyini və mənim də onunla birgə gəlməli olduğumu dedi.

Bəhruzu qətlə yetirən şəxs kameralara düşdüyü üçün onu tanıyıb-tanımadığımı müəyyənləşdirmək üçün ilk olaraq hadisə yerinə getdik. Video-görüntülərə baxdanda bu əməli törədən Fəridi tanıya bilmədim. Həmçinin Bəhruz da öncədən mənə həmin şəxslə münaqişə, mübahisə və ya düşmənçiliyi barədə heç nə deməyib.

Bu qətlin sifarişlə yerinə yetirildiyini düşünürəm. Fəridin qaynı olan Pərviz adlı şəxs Bəhruzu faizə salıb. Hətta həmin faizi ödəmək üçün evimizi belə satmalı olmuşuq”.

“Barışıq yoxdur, ağır cəza istəyirəm”

Hüquqi varis qeyd edib ki, Bəhruz Yasamal rayonunda anadan olub və orada uzun müddət yaşayıb: “Faiz borcu ilə bağlı problem təxminən 2 il bundan əvvəl olub. Nəsimi Pərviz adlı şəxsi Bəhruzla tanış edib və Pərvizin faizi dondura biləcəyini söyləyib.

Bu hadisədən bir neçə gün əvvəl Bəhruzun faizə borclu olduğu Eldəniz adlı şəxs bazara gəlib və Bəhruzla görüşüb, Pərvizlə əlaqə saxlaya bilmədiyini ona söyləyib. Faizdən yığılan pulun Pərvizə verilməsinə baxmayaraq, Pərviz həmin pulu Eldənizə verməyib.

Pərvizlə Fəridin qohum olduqlarını hadisə baş verdikdən sonra müstəntiqdən öyrənmişəm”.

Hüquqi varis deyib ki, təqsirləndirilən şəxslə aralarında barışıq yoxdur. O, təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini istəyib.

İstintaq sənədlərində olan şahid ifadələri ilə məlum olur ki, Bəhruz faizə pul götürüb, amma sonradan həmin pulu ödəyə bilməyib.

Fərid 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.