Hədə-qoru ilə tələb etməkdə təqsirləndirilən Faiq Səfərəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Rahib Salmanovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, Faiq Səfərəliyev ötən ilin dekabr ayında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirləri nəticəsində saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, o, teleqram sosial şəbəkəsində müxtəlif şəxslərin görüntülərini yayaraq pul tələb edib.

Faiq Səfərəliyev ifadəsində idarə etdiyi teleqram kanallarında paylaşdığı şəkillərlə insanları şantaj etdiklərini və pul müqabilində həmin məlumatları sildiyini etiraf edib.

Istintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində 3 qadın tanınıb.