Azərbaycanda terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

Prokuror bildirib ki, hər iki təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228-ci (qanunsuz silah əldə etmə), 318-ci (qanunsuz ölkə sərhədini keçmə), 282-ci (təxribat törətmə) maddələri ilə ittiham elan edilib.

İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.

Şahid qismində ifadə verən Şahin Abdulhüseynov bildirib ki, həmin gün döyüş növbətçiliyi aparıb: "Mayın 27-də döyüş mövqeyindən fəallıq aşkar olundu. Həmin gün bütün döyüş mövqelərə ayıq-sayıq olma əmri verildi. Bizə verilən məlumata görə, düşmən tərəfdən 6-8 nəfər bizim ara boşluğu istiqamətində döyüş mövqelərimizə tərəf gəlirlər. Dərhal yanımızdakı ehtiyat qüvvə qaldırıldı.

Həmin ərazi gecə görmə cihazı vasitəsilə müəyyən olundu ki düşmən tərəfdən irəliləyiş var. Təminat yolu üzərində 4 ədəd tank, 20 ədəd piyada əleyhinə mina və 4-5 metr uzunluğunda olan tikanlı məftil aşkarladıq. Onlardan 2 tank əleyhinə mina basdırılmışdı, digər 2-sini isə basdırmaq üçün qazılmışdı. 20 ədəd piyada əleyhinə mina isə belələrində idi. Onların məqsədi postlarımıza gedən yeganə təminat yolumuzu minalamaq və hücuma keçmək idi. Onların üzərində silah, zirehli gödəkçə və kaska var idi”.

Təqsirləndirilən Sarqsyan İşxan Aşotinin bildirib ki, mayın 24-də komandanlıqdan yolları minalamaq, yolları bağlamaq və tikanlı məftilləri çəkmək əmri alıblar: “Mənə minanın hansı ərazidə basdırmalı olduğumuzu dedilər”.

Təqsirləndirilən şəxs Bakı-Tbilisi-Ceyhan kəmərinin partladılması il bağlı döyüş tapşırığı olduğunu etiraf edib.

Digər təqsirləndirilən Rafaelyan Vladimir Otari bildirib ki, mayın 26-da komandirlərlə birlikdə Basarkeçə gəliblər: “Mən komandirin əmri ilə xüsusi təyinatlılara qoşuldum. Mənim rəhbərim İşxan təyin edildi. Göstəriş verildi ki, tikanlı məftilləri özümdə götürüm. Ərazidə 3 tank minası və 20 piyada əleyhinə mina daşıdım. Mən İşxanın əmrinə tabe olmalıydım.

Gecə Kəlbəcər rayonuna daxil olduq. İsxanın dalınca gedirdik. Minaları basdırmaq üçün İşxandan əmr aldıq. Minaları yaxşı örtə bilmədik, təpəcik görünürdü. Bu zaman Azərbaycan Ordusunun hərbi qulluqçuları bizə yaxınlaşdılar və tərksilah edildik, təslim olduq”.

Növbəti proses yanvarın 24-də davam edəcək.

Qeyd edək ki, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.

İstintaq materiallarına əsasən, Ermənistan Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri Sarqsyan İşxan Aşoti, mühəndis istehkamçı qismində hərbi xidmət keçən Rafaelyan Vladimir Otari 27 may 2021-ci ildə, saat 03 radələrində Azərbaycan Respublikasının dövlət sərhədini Kəlbəcər rayonu istiqamətində təkrarən qanunsuz olaraq keçib, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunmuş bölmələrinin və digər təyinatlı məntəqələrin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər keçid yollarında minalanma işlərini həyata keçiriblər.

Qeyd olunan şəxslərin həmin cinayət əməllərini törətmələri müəyyən edilərək cinayət başında yaxalanıb, Azərbaycan ərazisinə keçirilməsini təşkil etdikləri “TM 62 – M” və “E-00-M” tipli ümumilikdə 23 ədəd mina aşkar edilərək götürülüb.