Astara rayonunda polisi öldürməyə cəhd etməkdə ittiham olunan Seyhun Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Xamməd Nuriyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, ötən il avqustun 17-də saat 03 radələrində Astara rayonu ərazisində polis əməkdaşı Xanlar Hüseynovun xidməti vəzifəsini yerinə yetirərkən bıçaqlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Araşdırmalarla Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin əməkdaşları tərəfindən Astara rayonu, Şahağacı kəndi ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri ilə əlaqədar kənd sakini Seyhun Məmmədovun şəxsi avtomobilinə baxış keçirilərkən onun polis əməkdaşı Xanlar Hüseynovun xidməti vəzifəsini yerinə yetirməsinin qarşısını almaq məqsədilə sonuncunun döş qəfəsi nahiyəsinə bıçaqla zərbə vurub öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin, hal şahidlərinin və müdafiəçinin iştirakı şəxsi axtarış aparılarkən Seyhun Məmmədovun üzərində və avtomobilində narkotik vasitələr və psixotrop maddələr aşkar edilərək götürülüb.
İstintaq orqanı tərəfindən Seyhun Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilib.