Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən Rəcəb Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Elşad Mehdiyev ifadə verib.
O, bildirib ki, qardaşının ölümü haqda məlumatı onun meyiti morqda olanda alıb: “Hadisə necə olub, bilmirəm. Fərhad içki içən idi, amma kiməsə zərər verən adam deyildi. Qardaşım uzun müddət Rusiyada yaşayıb, orada işləyirdi. O, sovet dövründə Azərbaycanda tutulub, həbsdə yatmışdı”.
Elşad Mehdiyev təqsirləndirilən şəxsdən şikayəti olmadığını, cəzanın verilməsini məhkəmənin mülahizəsinə buraxdığını deyib.
Digər şahid Cəmilə Mehdiyeva deyib ki, mərhum Rəcəb Məmmədovun qonşusu olub: “Rəcəb heç vaxt tərbiyəsizlik, mədəniyyətsizlik etməyib. Amma onu qatar vurandan sonra çox dəyişdi. Hadisə günü çöldə oturub hava alırdım, gördüm kimsə keçdi və Rəcəbin qapısını döyüb içəri girdi. Ondan pis qoxu gəlirdi, yarım saat sonra evdən səs-küy gəlməyə başladı. Elə bil evdə ora bura stol-stul atırdılar. On dəqiqə sonra sakitlik yarandı, səhəri gün günorta bildim ki, Rəcəbin evində belə hadisə baş verib”.
Növbəti proses fevralın 2-də davam edəcək.
İttihama görə, qətl hadisəsi ötən il iyun ayının 24-də baş verib. Suraxanı qəsəbəsində yaşayan Rəcəb Məmmədov evində münaqişə zəminində tanışı Fərhad Mehdiyevi bıçaqla qətlə yetirib.
Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rəcəb Məmmədov tutulub.
Rəcəb Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.