BAKI, 7 avqust. TELEQRAF
Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi mətninin paraflanması və Birgə Bəyannamənin imzalanmasının sabah bir ili tamam olacaq. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə 2025-ci il 8 avqust Vaşinqtonda keçirilən üçtərəfli görüş regionda dayanıqlı sülhə doğru atılan tarixi addımlardan biri kimi yadda qaldı.
Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Deputatın fikrincə, bu tarixi anlaşma Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün əldə edilməsinə əhəmiyyətli addım olmaqla yanaşı, region üçün ciddi iqtisadi faydalar vəd edir:
"Məhz sözügedən anlaşmadan sonra sülh gündəliyinə sadiq qalan Azərbaycan Ermənistana yanacaq məhsullarının ixracatına başladı. Azərbaycan ərazisindan Ermənistana daşınan yüklər ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb. Bu, artıq iqtisadi əlaqələrin mərhələli bərpası deməkdir. Bu münasibətlər həmçinin regionun inkişafı üçün yeni imkanlar yaradır.
Azərbaycanın rəsmi statistikasında artıq Ermənistan ilə ixrac və idxal əməliyyatları qeyd olunur. 2026-cı ilin ilk yarısının yekunlarına əsasən, Azərbaycanın Ermənistana ixracının ümumi həcmi 17,1 milyon dollara çatıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2026-cı ilin ilk 5 ayında isə Azərbaycan ilə Ermənistan arasındakı ticarət dövriyyəsi 11 milyon 273 min dollar olub. Bu müddətdə dövriyyənin 11 milyon 272 min dollarını Azərbaycandan Ermənistana ixrac təşkil edib. Azərbaycan Ermənistandan cəmi min dollarlıq məhsul idxal edib".

V. Bayramov vurğulayıb ki, rəsmi statistikaya əsasən, Ermənistandan min ədəd kəsilmiş təzə qızılgüllər idxal edilib:
"DSK-nin rəsmi hesabatında bu Ermənistandan idxal kimi qeyd olunur. Bununla belə, güman olunur ki, söhbət re-eksportdan gedir.
Azərbaycan isə bu ilik ilk 5 ayında Ermənistana dizel yanacağı da daxil olmaqla ağır distilyatlar və qazoyllar (9 milyon 426 min dollar), mühərrik benzinləri (1 milyon 167 min dollar), tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az olan oktan ədədi ilə mühərrik benzinləri (672 min dollar) və inşaat detalları (6 min dollar) ixrac edib. DSK-nin təqdim etdiyi rəsmi rəqəmlərdən görsənir ki, Ermənistana yanacaq ilə yanaşı, inşaat detalları da ixrac edilib. Rəsmi hesabatda bu malın kodu 392590, adı isə “başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən digər plastmas inşaat detalları” kimi qeyd olunub.
Göründüyü kimi, Azərbaycan və Ermənistan arasında artıq ticarət formalaşmaqdadır. Təbii ki, Vaşinqton görüşündən sonra əldə edilən sülhün dayanıqlığı möhkəmləndirmək çox vacibdir. Bu isə Ermənistanda konstitutsiya dəyişikliklərin nə zaman reallaşacağından asılı olacaq. Sülh müqaviləsi sülhü institutlaşdıraraq daha dayanıqlı edə bilər".