BAKI, 1 iyun. TELEQRAF

Prezident İlham Əliyev “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanunu imzalayıb.

Teleqraf xəbər verir ki, qanuna əsasən, Quba rayonunun Vladimirovka kəndi Elbir, Alekseyevka kəndi Çinarlı, Timiryazev kəndi isə Bəhrəli adlandırılıb.

Bununla yanaşı, Vladimirovka kənd inzibati ərazi dairəsi Elbir kənd inzibati ərazi dairəsi, Alekseyevka kənd inzibati ərazi dairəsi isə Çinarlı kənd inzibati ərazi dairəsi hesab ediləcək.

Prezident həmçinin qanunun tətbiqi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti iki ay müddətində qanunların və Prezident aktlarının yeni adlara uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayaraq dövlət başçısına təqdim etməlidir.

Bundan başqa, Nazirlər Kabinetinə qanundan irəli gələn digər məsələlərin həlli də tapşırılıb.