BAKI, 29 aprel. TELEQRAF

Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Batır Annayev Azərbaycanın bu ölkədəki səfiri Qismət Gözəlovu qəbul edib.

Bu barədə Teleqraf-a Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər Azərbaycan və Türkmənistan arasında yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəni qeyd edərək, iki ölkə rəhbərlərinin siyasi iradəsi nəticəsində əməkdaşlığın strateji səviyyəyə yüksəldiyini vurğulayıblar.

Görüşdə ölkələrimiz arasında nəqliyyat, eləcə də tranzit, logistika, rəqəmsal inkişaf və telekommunikasiya sahələrində mövcud vəziyyət və perspektivlərinə diqqət yetirilib.

İki ölkənin əlverişli coğrafi mövqeyinin və regionda artan tranzit potensialının nəqliyyat dəhlizlərinin genişləndirilməsi üçün mühüm imkanlar yaratdığı qeyd olunub.

Həmçinin, Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti çərçivəsində rəqəmsal inkişaf, telekommunikasiya infrastrukturunun təkmilləşdirilməsi, nəqliyyat-logistika və tranzit əlaqələrinin gücləndirilməsi istiqamətində yeni imkanlar nəzərdən keçirilib.

Eyni zamanda, Azərbaycan və Türkmənistan arasında strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərinin, xüsusilə qeyd olunan sahələrdə praktiki əməkdaşlığın daha da genişləndirilməsinə qarşılıqlı maraq ifadə olunub.