BAKI, 24 fevral. TELEQRAF

Öz ərazi bütövlüyünü bərpa etmək uğrunda uzun və çətin yol keçmiş Azərbaycan bizi bir çox başqa dövlətlərdən daha yaxşı başa düşür.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümü münasibətilə qələmə aldığı müəllif yazısında bildirib.

Diplomat rəsmi Bakının nümayiş etdirdiyi prinsipial mövqeyi yüksək qiymətləndirərək, Azərbaycanın Ukraynaya dəstəyinin həm praktiki, həm də mənəvi baxımdan əvəzsiz olduğunu vurğulayıb:

"Azərbaycanın bu günə qədər Ukraynaya göstərdiyi humanitar və enerji yardımının ümumi məbləği 45 milyon ABŞ dollarını ötüb. Bu yardım ilk növbədə enerji sahəsi üçün avadanlıqları və sosial infrastrukturun bərpası layihələrini əhatə edir. Azərbaycanın göstərdiyi bu kömək əli Ukraynanın çətin zamanlarda tək olmadığını sübut edir və ölkələrimiz arasındakı strateji tərəfdaşlığın simvoluna çevrilir".

Səfir həmçinin qeyd edib ki, Ukrayna tərəfi Azərbaycanın BMT Nizamnaməsinə və sərhədlərin toxunulmazlığı prinsipinə əsaslanan mövqeyini qlobal təhlükəsizliyin təməli kimi dəyərləndirir.

Y.Qusev Azərbaycan rəhbərliyinə və xalqına səmimi həmrəyliklərinə görə minnətdarlığını bildirərək, iki ölkə arasındakı dostluğun gələcəkdə daha da dərinləşəcəyinə əminliyini ifadə edib.