BAKI, 24 fevral. TELEQRAF

2014-cü ildə Krımın işğalı, Luqansk və Donetsk vilayətlərində hibrid müharibə ilə Rusiyanın təcavüzü başladı, 2022-ci il fevralın 24-də isə Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücum həyata keçirdi. Bu, İkinci Dünya müharibəsi başa çatdıqdan bəri Avropada ən böyük müharibəyə çevrildi.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümü münasibətilə qələmə aldığı müəllif yazısında bildirib.

Diplomat deyib ki, Rusiya Prezidenti Vladimir Putin ən əsas məsələdə - Ukrayna xalqının gücünü qiymətləndirməkdə yanılıb:

"Ukrayna dayandı. Şəhərlər və regionlar dayandı, qəhrəman xalq dayandı, Ukrayna dövləti dayandı! Ordu hücumun qarşısını aldı və əhəmiyyətli əraziləri azad etdi. Cəmiyyət heç vaxt olmadığı qədər birləşdi. Ukraynalılar müxtəlif regionlardan, etnik mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq, öz ölkələrini, torpaqlarını, milli kimliklərini, azadlıqlarını və dəyərlərini müdafiə etmək üçün bir araya gəldilər".