BAKI, 30 dekabr. TELEQRAF

Azərbaycanın Niderlanddakı Səfirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə tədbir təşkil olunub.

Səfirlikdən Teleqraf-a verilən məlumata görə, tədbirdə Niderlandda fəaliyyət göstərən Azərbaycan icma təşkilatlarının rəhbər və üzvləri, eləcə də ölkənin müxtəlif şəhər və əyalətlərində yaşayan çoxsaylı soydaşlarımız iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra çıxış edən Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə xaricdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrinin möhkəmləndirilməsinin daim dövlətimizin diqqət mərkəzində olduğunu vurğulayıb. O, ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış və azərbaycançılıq ideologiyasına əsaslanan məqsədyönlü siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, xalqımızın birliyi və şanlı ordumuzun gücü nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu qeyd edən diplomat, dünyanın müxtəlif ölkələrində yaşayan bütün soydaşlarımızın qüdrətli Azərbaycan dövləti ilə fəxr etdiklərini vurğulayıb. M.Əhmədzadə Niderlandda yaşayan həmvətənlərimizin azərbaycançılıq ideyası ətrafında sıx birləşməsinin və Azərbaycanın haqq səsinin çatdırılmasında göstərdikləri səylərin əhəmiyyətini xüsusi vurğuıayıb, iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik edib.

Ardınca çıxış edən “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən, Niderlandda yaşayan Azərbaycan icmasının doğma Vətənə bağlılığından və Azərbaycan həqiqətlərinin yayılması istiqamətində fəaliyyətindən bəhs edib, Azərbaycan dövləti tərəfindən diaspor təşkilatlarına göstərilən diqqət və dəstəyə görə minnətdarlığını ifadə edib.

Daha sonra əməkdar artist, kamança ustası Xəyyam Məmmədov və Niderlandda yaşayan azərbaycanlı musiqiçilər - tarzən Cavid Səlimov və xanəndə Sadıx Agamaliyevin ifasında vətənpərvərlik ruhunda Azərbaycan musiqiləri səsləndirilib. Tədbirin sonunda musiqiçilər və soydaşlarımız piano ətrafında toplaşaraq milli musiqimizin sevilən nümunələrini böyük coşqu ilə birgə ifa ediblər.

Tədbir Niderlandda yaşayan azərbaycanlıların milli-mənəvi dəyərlər ətrafında birliyini, həmrəyliyini və Vətənə bağlılığını bir daha nümayiş etdirməklə yanaşı, soydaşlarımızı bir araya gətirən və onlar arasında möhkəm bağları daha da gücləndirən bir gün kimi yadda qalıb.