BAKI, 18 oktyabr. TELEQRAF

“Əvvəllər də qeyd etdiyim kimi, xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din, ortaq dəyərlər birləşdirir. Mədəni əlaqələrin inkişafı xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında, qardaşlıq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır”.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində Kazinform Agentliyinə müsahibəsində deyib.

“2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Belə tədbirlər xalqlarımız arasında yaradıcılıq əlaqələrinin dinamik inkişafını əks etdirir və iki ölkənin mədəni ənənələrinin qarşılıqlı zənginləşməsinə töhfə verir.

Qazax ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ən görkəmli simalardan biri Kemel Tokayevin “Gecə açılan atəş” hekayələr toplusunun Azərbaycan dilində nəşrini məmnunluqla qeyd etmək istərdim.

Həmçinin 2023-cü ildə Bakıda Kemel Tokayevin 100, Mir Cəlal Paşayevin 115 illik yubileylərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib”, - dövlət başçısı bildirib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-21-də Qazaxıstana dövlət səfəri edəcək.