BAKI, 18 oktyabr. TELEQRAF
“Azərbaycan və Qazaxıstan arasında nəqliyyat və logistika əməkdaşlığı iqtisadi artım və regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan strateji əhəmiyyətli sahədir. İnfrastrukturun davamlı inkişafı, tarif və logistika güzəştlərinin genişləndirilməsi daşımaların həcminin artırılması və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün əlverişli şərait yaradır”.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın Kazinform Agentliyinə müsahibəsində deyib.
“Hazırda bu əməkdaşlıq sahəsi əhəmiyyətli irəliləyiş əldə edir. 2024-cü ildə Azərbaycan və Qazaxıstan arasında tranzit daşımaların həcmi 3,5 milyon tonu ötüb ki, bu da əvvəlki dövrlə müqayisədə 20% artım deməkdir. Orta Dəhliz ölkələr arasında sabit və səmərəli kommunikasiyanın təmin edilməsində əsas rol oynayır”, - dövlət başçısı bildirib.
İlham Əliyev vurğulayıb ki, 2022-ci ildə Aktauda “Orta Dəhlizin 2022–2027-ci illər üçün inkişafı və istismarı üzrə Yol Xəritəsi” imzalanıb:
“Bura Türkiyə, Azərbaycan və Qazaxıstandan keçən ərazilər daxildir. Sənəddə üç ölkənin nəqliyyat-logistika infrastrukturunun eyni vaxtda inkişafı, işlərin optimallaşdırılması, əlavə yük axınlarının cəlb edilməsi, vahid tarif siyasətinin həyata keçirilməsi, logistik mərkəzlər şəbəkəsinin inkişafı və digər əsas məsələlərin həlli nəzərdə tutulub.
Mühüm infrastruktur layihələrindən biri Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin çəkilməsidir. Tikinti müqaviləsi 2025-ci ilin martında Bakıda imzalanıb və işlərin başa çatdırılması 2026-cı ilin sonuna planlaşdırılır. Bu addımlar rəqəmsal inteqrasiyanı gücləndirəcək.
Neft-qaz sektorunda SOCAR və “KazMunayQaz” Milli Şirkəti arasında Aktau-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton Qazaxıstan tranzit neftinin nəqlinə dair saziş imzalanıb. 2024-cü ildə tranzit həcmlərinin mərhələli şəkildə artırılması və tariflərin aşağı salınması haqqında saziş imzalanıb.
Aktau və Ələt limanları vasitəsilə daşımaların səmərəliliyini artırmaq üçün infrastrukturun modernləşdirilməsi, nəqliyyat vasitələrinin yenilənməsi və digər tədbirlər həyata keçirilir. Bu, öz növbəsində, Avropa və Asiya arasında əsas tranzit marşrutu kimi Orta Dəhlizin mövqeyini gücləndirəcək.
Sənaye kooperasiyasında gəmiqayırma sahəsində tərəfdaşlıq da mühüm istiqamətdir.
Yaşıl enerjinin inkişafı ikitərəfli gündəmdə yüksək yer tutur. 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin inteqrasiyasına və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra strateji sazişlər və memorandumlar imzalayıblar. Bu təşəbbüslər dövlətlərin davamlı inkişafa və ekoloji cəhətdən təmiz texnologiyalara keçidə ümumi sadiqliyini nümayiş etdirir”.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-21-də Qazaxıstana dövlət səfəri edəcək.