BAKI, 4 sentyabr. TELEQRAF

Azərbaycanda həbsdə olan Rusiya vətəndaşlarının azad edilməsi Moskva və Bakı arasında münasibətlərin normallaşması üçün vacib addım ola bilər.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

"Rusiya vətəndaşlarının azad edilməsi Rusiya və Azərbaycan arasında münasibətlərin normallaşması yolunda mühüm addım ola bilər", - diplomat vurğulayıb.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzla bağlı keçirdiyi əməliyyat nəticəsində iki mütəşəkkil cinayətkar dəstənin 8 üzvü saxlanılıb.

Səbail Rayon Məhkəməsində keçirilmiş prosesdə sözügedən şəxslər barədə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Qeyd olunan şəxslər Rusiya vətəndaşlarıdır.

Bundan başqa, "Sputnik Azərbaycan" İnformasiya Agentiliyinin Bakı ofisində polisin apardığı əməliyyat nəticəsində direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousov saxlanılıblar.

Xətai Rayon Məhkəməsinin qərarı ilə onlar dörd ay müddətinə həbs olunublar.

Onların hər ikisi Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.