BAKI, 30 sentyabr. TELEQRAF

Azərbaycan Cümhuriyyəti hökumətinin xaricə ali təhsil almağa göndərdiyi yüz tələbədən biri də 1899-cu ildə Şamaxıda doğulmuş Ağalar İsgəndərlidir. Bölgənin hörmətli bir ailəsində yetişən Ağalar bəy 1911-1917-ci illərdə Şamaxı real məktəbində oxuyub, oranı yüksək qiymətlərlə bitirib. İntellektual səviyyəsinə görə qısa zamanda diqqəti cəlb edib, 1919-cu ildə Cümhuriyyət parlamentinin dəftərxanasında işə başlayıb.

Ağalar bəy 4 avqust 1919-cu ildə Maarif Nəzarətinə ərizə yazaraq Avropaya göndərilən tələbələrin siyahısında olmaq istədiyini və Almaniyada elektrotexnika üzrə ali məktəbə göndərilməsini xahiş edib. Amma az sonra o, digər namizəd olan Mirismayıl Seyidzadə ilə fakültələrini dəyişdirdiyinə dair növbəti ərizəni yazıb və kimya bölümünü seçib.

Ərizəsi müsbət şəkildə dəyərləndirilən Ağalar bəyə 13 yanvar 1920-ci ildə dövlət hesabına ali təhsil almağa göndərilməklə bağlı vəsiqə verilib. Almaniyaya yola düşən İsgəndərli Berlin Politexnik İnstitutunun kimya fakültəsini bitirib.

Rusiyanın Azərbaycanı işğal etməsi səbəbindən Vətənə qayıtmayan tələbələrdən biri də Ağalar bəy olub. Türkiyəyə yerləşən İsgəndərli bu ölkədə vətəndaşlıq qanunundan istifadə edərək ad və soyadını dəyişdirib, İskəndər Batu olaraq yeni həyatına qədəm qoyub. 1938-1955-ci illərdə Türkiyədə nüvə kimyası sahəsində tanınmış mütəxəssis kimi fəaliyyət göstərib. Uzun illərdən sonra – 1976-cı ildə Azərbaycana gəlib, Türkiyəyə qayıtmağına 10 gün qalmış Bakıda saxlanılıb, sorğu-suala tutulub, SSRİ-də qalmağı təklif edilib. Demək ki, rus kəşfiyyatı onun Türkiyədə yüksək dərəcəli alim olduğunu və özəl işlərdə çalışdığını bilib.

Bu məlumatları əldə etdiyimiz professor Ədalət Tahirzadə də “Azərbaycan Cümhuriyyəti tələbələri” kitabında Ağalar bəyin ad-soyadını dəyişdirməsini onun Türkiyə üçün xüsusi tədqiqatlar apardığına görə olduğunu ehtimal edib.

İsgəndərli 1965-ci ildə təqaüdə çıxıb. Sevim adında xanımla ailə qurub, Alptəkin, Gültəkin, Gülsən, Atilla adlı övladları doğulub. Məktubunda bildirib ki, övladlarından ikisi Almaniya Federativ Respublikasında, ikisi isə ABŞ-də çalışmaqdadır.

Ağalar bəy Vətənlə əlaqələrini davam etdirib, bacısının ailəsinə 1974-1983-cü illərdə çoxlu məktub yazıb. 1976-cı ildə Ağalar bəy həyat yoldaşı ilə birlikdə Qarsdan Gümrü şəhərinə gəlib. Qohumları onları orada qarşılayaraq Bakıya, daha sonra doğulduqları yurda – Şamaxıya aparıblar. İki ay Azərbaycanda qalan Ağalar bəy 9 iyul 1976-cı ildə Gümrüdən qatarla yola salınıb.

Bu səfər zamanı bacısı oğlu Bəxtiyar Türkcanlı ilə görüşündə 1919-cu ildən qalan bir xatirə əşyası xüsusi məna daşıyıb. Batu Almaniyaya gedərkən bacısına üzərində “1919” yazılmış bir dəsmal veribmiş. Bacısı həmin dəsmalı uzun illər saxlayıb, daha sonra oğlu Bəxtiyara verib. 1976-cı ildə Batu ilə görüş zamanı bu dəsmal ona təqdim edilib və onu tanıyıb.

Ömrünün son illərində yazdığı bəzi sətirlədə Ağalar bəyin yurd həsrəti özünü açıq şəkildə göstərib: “Bilirsinizmi, insanın doğulub-böyüdüyü yurduna həsrət qalması qədər faciə təsəvvür edilə bilməz”.
Ağalar İsgəndərli – İskəndər Batu 1984-cü ilin may ayında İstanbulda vəfat edib.

İskəndər Batunun izində

Ağalar İsgəndərlinin Türkiyədə ad-soyadını məhkəmə yolu ilə dəyişdirməsinə dair “Ulus” qəzetində kiçik bir xəbər dərc edilib. Xəbərdə yazılıb: “Ankara Birinci Dərəcəli Mülki Məhkəməsindən: Ankarada Mərkəzi Hifzıssıhha Müəssisəsində həkim Ağalar İskəndərli tərəfindən məhkəməyə verilmiş, Ağalar İskəndərli adının “İskəndər” olaraq dəyişdirilməsinə qərar verilməsi barədə iş üzrə keçirilmiş məhkəmə iclasının sonunda: Ağalar İskəndərli adının “İskəndər” olaraq dəyişdirilməsi və bu dəyişikliyin əhali qeydiyyatına (nüfusa) rəsmən daxil edilməsi və elan olunması barədə 31 yanvar 1938-ci il tarixində qərar verildiyi elan olunur”.

Görünür, adını dəyişdikdən sonra qısa zamanda Batu soyadını qəbul edib.

İskəndər Batu Türkiyədə kimya elmini sənaye və iqtisadiyyatın praktik məsələləri ilə birləşdirən mütəxəssislərdən biri kimi çıxış edib. Onun fəaliyyəti xüsusilə Türkiyənin sənayeləşmə siyasətinin sürətləndiyi 1940–1950-ci illərdə genişlənib. Bu dövrdə o, İqtisadiyyat Vəkalətinin Sənaye Tədqiqat Heyətində çalışıb və müxtəlif sənaye sahələrinin inkişafı ilə bağlı elmi-texniki araşdırmalarda iştirak edib.

Onun fəaliyyət göstərdiyi sahələrdən biri kauçuk sənayesi olub. 1942-ci ildə Türkiyədə yerli kauçuk xammalının əldə edilməsi imkanlarının araşdırılması məqsədilə müxtəlif mütəxəssislərin iştirakı ilə elmi heyət yaradılmışdı. Həmin heyətdə Ankara Universiteti Fənn Fakültəsinin dekanı Dr. Avni Refik Bekman, İqtisadiyyat Vəkaləti Sənaye Tədqiqat Heyətinin üzvü kimyaçı Dr. İskender Batu, kimyaçı Yarbay Arif Tekman və Binbaşı Azmi Dahil kimi mütəxəssislər iştirak edirdilər. Bu araşdırmalar Türkiyənin müharibə şəraitində xarici xammaldan asılılığını azaltmaq və ölkə daxilində sənaye xammalı istehsal etmək imkanlarını müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyırdı.

İskəndər Batu dövlət qurumlarında da texniki ekspert kimi fəaliyyət göstərib. 1948-ci il tarixli sənədlərdən birində onun İqtisadiyyat Vəkaləti Sənaye Tədqiqat Heyətinin üzvü olduğu görünür.

“Zafer” yazıları

İskəndər Batunun elmi fəaliyyətinin mühüm istiqamətlərindən biri onun mətbuatdakı yazıları idi. O, 1950-ci illərdə Türkiyənin “Zafer” qəzetində sənayenin, kimyanın və texnologiyanın müxtəlif sahələrinə həsr olunmuş silsilə məqalələrlə çıxış edib. Bu yazılar onun elmi maraq dairəsinin nə qədər geniş olduğunu göstərməklə yanaşı, həmin dövr Türkiyəsində elmi-texniki biliklərin ictimaiyyətə çatdırılmasında oynadığı rolu da ortaya qoyur.

Onun “Zafer” qəzetində dərc olunan yazılarından biri azot sənayesinə həsr edilmişdi. 1 dekabr 1953-cü il tarixli qəzetdə Batunun “Azot Sanayii” mövzusundakı yazısı dərc olunub. Qəzetdə o, “Dr. İskender Batu – Yüksek Kimya Mühendisi” kimi təqdim edilir. Məqalədə azot sənayesinin əhəmiyyəti, ammonyak və nitrat turşusunun istehsalı, gübrə sənayesi və kimya sənayesinin kənd təsərrüfatı ilə əlaqəsi izah edilirdi.
Onun diqqət yetirdiyi sahələrdən biri də meşə sənayesi idi. “Zafer” qəzetinin 15 may 1954-cü il tarixli sayında onun “Orman Sanayiinde” adlı məqaləsi dərc olunub. Qəzetdə müəllif “Doktor Mühendis İskender Batu” kimi təqdim edilir. Yazıda meşə ehtiyatlarının sənayedə istifadəsi, ağac məhsullarının emalı və meşə təsərrüfatının iqtisadi imkanları haqqında fikirlər irəli sürülürdü. Beləliklə, onun elmi maraqlarının kimya sənayesindən başlayaraq ölkənin digər xammal və istehsal sahələrinə qədər genişləndiyi görünür.

1954-cü ildə İskender Batu soda və şüşə sənayesinə də xüsusi diqqət yetirib. “Zafer” qəzetinin 3 noyabr 1954-cü il tarixli sayında onun “Soda ve cam sanayinin ekonomimizdeki rolü” adlı yazısı dərc olunub. Bu məqaləsində Batu soda istehsalının şüşə sənayesi ilə əlaqəsini, soda istehsalında istifadə olunan xammalları və bu sənayenin ölkə iqtisadiyyatındakı əhəmiyyətini izah edirdi. Onun yanaşmasında kimyəvi istehsal prosesləri iqtisadi məsələlərdən ayrı tutulmurdu. Soda, duz, əhəngdaşı, ammonyak və karbon qazı kimi xammalların istehsal zəncirindəki rolu ilə yanaşı, şüşə sənayesinin inkişaf imkanları da nəzərdən keçirilirdi.

İskəndər Batu yazdığı mövzulardan biri də meyvə şirəsi sənayesi idi. “Zafer” qəzetinin 13 oktyabr 1955-ci il tarixli sayında onun “Meyve Usare­si Sanayii ve Ekonomik Önemi” adlı məqaləsi dərc olunub. Burada Türkiyədə meyvələrin sənaye üsulu ilə emal edilməsi, meyvə şirəsinin alınması, presləmə, soyutma, filtrasiya, pasterizasiya və saxlanma texnologiyaları haqqında məlumat verilirdi. Batu Almaniyadakı təcrübəni də nümunə kimi göstərərək Türkiyədə meyvə şirəsi sənayesinin inkişaf etdirilməsinin iqtisadi imkanlarını araşdırırdı.

Bu məqalənin bir başqa maraqlı tərəfi isə İskəndər Batunun soyadının mətbuatda necə yazılması ilə bağlıdır. “Zafer” qəzetinin daha əvvəlki 16 və 19 sentyabr 1955-ci il tarixli yazılarında onun soyadı “Batı” formasında verilmişdi. Lakin 13 oktyabr tarixli sayda qəzet düzəliş verərək düzgün soyadın “Batu” olduğunu bildirmişdi.

İskəndər Batunun elmi maraqları yalnız sənaye və kənd təsərrüfatı məhsullarının emalı ilə məhdudlaşmırdı. 18 yanvar 1957-ci il tarixli “Zafer” qəzetində onun “Hidrojen Bombasının İlmi ve Teknik Esasları” adlı yazısı dərc olunub. Bu məqaləsində o, nüvə enerjisi və hidrogen bombasının elmi-texniki əsaslarını izah etməyə çalışıb. Belə bir mövzuya müraciət etməsi onun müasir elmi-texniki inkişafları yaxından izlədiyini göstərirdi.

Beləliklə, İskəndər Batunun mətbu fəaliyyəti onun elm adamı kimi yalnız dar ixtisas sahəsində qalmadığını göstərir. O, kimya sənayesindən kənd təsərrüfatına, meşə təsərrüfatından qida sənayesinə, soda və şüşə istehsalından nüvə texnologiyasına qədər müxtəlif sahələr haqqında yazıb. Onun yazılarında diqqəti cəlb edən əsas cəhət elmi biliklərlə iqtisadi inkişaf arasında əlaqə yaratmasıdır. Başqa sözlə, Batu üçün kimya və texnologiya yalnız laboratoriya məsələsi deyil, dövlətin iqtisadi müstəqilliyinin və sənayeləşməsinin əsas vasitələrindən biri idi.