BAKI, 4 avqust. TELEQRAF
Avqustun 24-dək Perseid meteor yağışı müşahidə olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, meteor axınının maksimum aktivliyi isə avqustun 13-də Bakı vaxtı ilə saat 06:00-da baş verəcək.
"2026-cı ildə Perseid meteor yağışının maksimumu Yeni Ay fazasına təsadüf edir. Ay işığının olmaması səmanın kifayət qədər qaranlıq olmasını təmin edəcək və meteorların müşahidəsinə demək olar ki, mane olmayacaq. Bu səbəbdən 2026-cı il Perseid meteor yağışının son illərin ən əlverişli müşahidə imkanlarından biri hesab olunur", - məlumatda vuğulanıb.
Qeyd edilib ki, Bakı şəhərindən bu radiant bütün gecə ərzində görünür. Buna görə Perseid meteorlarını gecə boyu müşahidə etmək mümkündür. Radiant səhər saatlarına yaxın ən yüksək vəziyyətə çatır. Bakı üçün bu vaxt təxminən saat 06:00-dır.
Perseid meteor yağışının maksimum intensivliyi saatda təxminən 150 meteor təşkil edir. Bu göstərici tam qaranlıq səma və radiantın müşahidəçinin düz başı üzərində yerləşdiyi ideal şərait üçün hesablanır. Bakı şəhərində radiant maksimum 69° hündürlüyə qalxdığından və hava şəraiti əlverişli olduqda müşahidəçilər saatda təxminən 140 meteor görə bilərlər. Perseid meteor yağışını izləmək üçün teleskop və ya binokl tələb olunmur. Ən yaxşı müşahidə nəticəsi əldə etmək üçün şəhər işıqlarından uzaq, qaranlıq müşahidə məntəqəsi seçmək lazımdır. Əlverişli hava şəraiti olduğu halda avqustun 12-dən 13-nə keçən gecə və xüsusilə sübhə yaxın saatlarda müşahidəçilər onlarla, hətta yüzdən çox meteor görə biləcəklər.