BAKI, 21 iyul. TELEQRAF
Bakıda fəaliyyət göstərən “Vital Hospital”da ölü doğulan körpənin meyitinin zirzəmiyə atıldığı iddia olunur.
Bu barədə körpənin ailəsi sosial şəbəkələrdə paylaşım edib.
İddiaya görə, hamiləlik dövründə aparılan müayinə və müalicələrə baxmayaraq, körpə ölü doğulub. Ailə həmçinin meyitin morqa yerləşdirilmədiyini, zirzəmiyə atıldığını bildirib.
Ata bildirib ki, 9 ay müddətində deyilən hər şeyi edib, amma uşaq ölüb:
"9 ay zülüm çəkmişik. Nə deyiblərsə, etmişik. Bizə deyilən bir şeyi belə əskik etməmişik. Xərclənən pul bizi narahat etmir. Adlarını klinika qoyublar. Mənə cavab versinlər. Uşaq öləndə onu zirzəmiyə qoyurlar? Uşağımı niyə öldürüblər?".
Məsələ ilə bağlı hospitalın rəhbəri Səltənət Məcidova Teleqraf-a bildirib ki, Zərdab rayon sakini, 40 yaşlı Fərqanə Kərimova iyulun 17-də hamiləliyinin 38-ci həftəsində qeysəriyyə əməliyyatı üçün hospitala müraciət edib. Onun sözlərinə görə, əməliyyat zamanı dölün ana bətnində öldüyü müəyyən edilib və ailənin razılığı ilə meyit onlara təhvil verilib.
S.Məcidova qeyd edib ki, sosial şəbəkələrdə səsləndirilən iddialar həqiqəti əks etdirmir:
“Tibbi ləvazimatların saxlanıldığı otaqda döl saxlanılmır. Klinikaya məxsus xüsusi soyuducuda ölü doğulan döllər və ciftlər müvafiq qaydada saxlanılır. Lakin bu halda ailə dölün soyuducuya yerləşdirilməsini istəməyib və meyit dərhal onlara təhvil verilib”.
Əməliyyatı həyata keçirən ginekoloq Çinarə Gülməmmədova isə deyib ki, F.Kərimova hamiləlik dövründə Zərdab rayonunda müayinə olunub və yalnız doğuş üçün “Vital Hospital”a müraciət edib. Həkimin sözlərinə görə, bu, qadının dördüncü qeysəriyyə əməliyyatı olub. Onun son iki hamiləliyi ölü dölün doğulması ilə nəticələnib.
Hazırda faktla bağlı Baş Prokurorluğun əməkdaşları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.
Səhiyyə Nazirliyinin məlumatına görə, yayılan məlumat Analitik Ekspertiza Mərkəzinin diqqətindədir. Məsələ ilə bağlı araşdırma başlayıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb.