BAKI, 2 iyul. TELEQRAF
İsrail hökumətinin iyunun 28-də qondarma “erməni soyqırımı”nı tanımaq qərarı hazırda Yaxın Şərq siyasətində ən çox müzakirə edilən hadisələrdən biridir. Onilliklərdir ki, İsrail hakimiyyəti çoxsaylı daxili təşəbbüslərə və erməni təşkilatlarının təzyiqlərinə baxmayaraq, belə bir addımdan yayınırdı.
Belə siyasətin əsas səbəbi kimi İsrailin ənənəvi olaraq Türkiyə ilə strateji münasibətləri qorumaq istəyi göstərilirdi. Bu baxımdan, məntiqi bir sual yaranır: Binyamin Netanyahunun kabineti niyə uzun müddət davam edən siyasətini indi dəyişdirmək qərarına gəlib? Təhlillər göstərir ki, İsrail hökumətinin qərarı 20-ci əsrin əvvəllərindəki tarixi hadisələrin adekvat və ədalətli şəkildə qiymətləndirilməsindən daha çox mövcud geosiyasi vəziyyətlə bağlıdır.
Əvvəla, bu gözlənilməz qərar ölkə parlamenti (Knesset) tərəfindən deyil, İsrail hökuməti tərəfindən verilib. Hüquqi baxımdan, Knesset hələ də buna baxmadığı üçün qərar hələlik qəti qüvvəyə minməyib. Üstəlik, parlamentin tezliklə tətilə getməsilə yanaşı ona yaxın vaxtlarda seçkilərin keçiriləcəyi gözlənilir. Belə reallıq bu addımın əsasən siyasi bir siqnal olduğunu, uzun müddətdir davam edən “erməni soyqırımı”nın tanıma prosesinin yarımçıq qaldığını göstərir. Başqa sözlə desək, İsrail rəhbərliyi zərurət yaranana kimi bu təşəbbüsdən imtina etmək seçimini saxlamağı daha məqbul sayıb.
Elə bu faktın özü İsrailin əsas məqsədinin dövlətin tarixi siyasətində qəti dəyişiklik etmək yox, xarici siyasət müstəvisində konkret məqsədlərə çatmaq olduğunu göstərir.
İsrail bununla Türkiyəyə siyasi siqnal göndərir
Qəzza zolağında son müharibə başlayandan bəri Ankara ilə Təl-Əviv arasındakı gərginlik diplomatik münasibətlər tarixində ən pik həddə çatıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin hərəkətlərini müntəzəm olaraq sərt şəkildə tənqid edir, İsrail rəhbərliyini Fələstin əhalisinə qarşı cinayətlər törətməkdə günahlandırır. Siyasi qarşıdurmadan əlavə, maraqların getdikcə toqquşduğu Suriyada iki dövlət arasında rəqabət güclənir.
Bu şəraitdə qondarma “erməni soyqırımı”nın tanınması Türkiyə rəhbərliyinə əlavə siyasi təzyiq vasitəsi kimi qiymətləndirilə bilər.
İsrailin xarici işlər naziri Gideon Saarın qərarın Ankaranın siyasətinə qarşı qisas aktı olmadığını xüsusi şəkildə vurğulaması bunu əyani şəkildə sübuta yetirir. Lakin bu cür açıqlamalar qərarın arxasındakı əsl motivlərlə bağlı sualları heç də aradan qaldırmır. Beynəlxalq siyasətdə rəsmi izahatlar həmişə hadisələrin əsl məntiqini əks etdirmir.
Hərbi-sənaye sahəsində rəqabət
Başqa bir mümkün səbəb Yaxın Şərqdə dəyişən hərbi-strateji balans ola bilər.
İsrail ənənəvi olaraq geniş Amerika hərbi dəstəyi sayəsində keyfiyyət üstünlüyünə malikdir. Eyni zamanda, son illərdə Türkiyə ilə bir neçə regional dövlət arasında hərbi-texniki əməkdaşlığı genişləndirmək layihələri müzakirə olunub. Bu cür təşəbbüslər daha da sürətlənərsə, İsrail daha güclü regional koalisiyanın yaranması ilə üzləşə bilər.
Bu baxımdan, bəzi analitiklər qondarma “erməni soyqırımı”nın tanınmasını Türkiyənin Qərb tərəfdaşları ilə münasibətlərini çətinləşdirmək və ABŞ-dəki erməni lobbisinin Ankaranın Vaşinqtonla hərbi-texniki əməkdaşlığı ilə bağlı proseslərə təsirini gücləndirmək üçün daha geniş strategiyanın bir hissəsi kimi qiymətləndirirlər.
Tarix İsrail hökumətinin qərarını təkzib edir
Maraqlıdır ki, tarixi faktlar soqırım məsələsində İsrailin daha çox erməniçilik ideoloqlarına və daşnaklara qarşı sərt ittihamlar irəli sürməsi, Türkiyəyə isə dəfələrlə yəhudiləri xilas etdiyinə görə minnətdarlıq hissini sərgiləməsi zərurətini ortaya qoyur.
Tarixi faktlara əsasən, Osmanlı imperiyası ənənəvi olaraq Avropada təqiblərdən qaçan yəhudilər üçün sığınacaq rolunu oynayıb. Məsələn, 1492-ci ildə sefard yəhudiləri İspaniyadan qovulan zaman məhz Osmanlı imperiyası onları öz ərazisində yerləşdirib.
Bundan başqa, İkinci Dünya Müharibəsi zamanı neytrallığını qoruyub saxlayan Türkiyə xeyli yəhudini, o cümlədən Polşa və digər ölkələrdən olan qaçqınları, iki əsas yolla - diplomatik müdafiə və Fələstinə səyahət üçün tranzit dəhlizləri təmin etməklə təqiblərdən və ölümdən qurtarıb.
Yəhudi əhalisi Osmanlı hakimiyyətini sədaqətlə qəbul edərək dövlətin iqtisadi və mədəni həyatına sülh yolu ilə inteqrasiya olunub. Yeri gəlmişkən, ermənilər də uzun müddət Osmanlı imperiyasında əhəmiyyətli imtiyazlardan və etibardan istifadə edərək “sadiq etnos” statusuna malik olublar.
Bununla belə, erməni icmasının nüfuzlu təmsilçiləri Osmanlı imperiyasında mühüm vəzifələr tutan yəhudilərə qarşı uzun müddət çirkin pərdəarxası intriqalar aparıblar. Tarixi mənbələrdə imperiyanın xristian əhalisinin (ermənilər və yunanlar da daxil olmaqla) yəhudi rəqiblərinin mövqeyini zəiflətmək üçün tez-tez fitnə-fəsadlara, iqtisadi təzyiqlərə və dini ittihamlara əl atdığı bildirilir. Nəticədə yəhudilərin bir qismi Osmanlı imperiyasını tərk etmək məcburiyyətində qalıb.
Birinci Dünya Müharibəsi zamanı isə Osmanlı imperiyasının düşmənləri ilə pərdəarxası sövdələşməyə girən erməni millətçiləri ölkə daxilində silhalı qarşıdurma alovunu yaymaqla böyük faciənin yaşanmasına səbəb olublar. Türklər də daxil olmaqla müxtəlif millətlərin təmsilçilərinin öldürüldüyü bu faciələrdə erməni daşnakları xüsusi rol oynayıblar. Təəssüf ki, bütün tarixi reallıqlardan yaxşı xəbərdar olan İsrail hökuməti qondarma “erməni soyqırımı”nı tanımaq barədə qərar qəbul edir və əslində bu addımın ona heç bir geosiyasi dividednlər gətirməyəcəyini belə nəzərə almır.
Ermənistanın laqeyd reaksiyası
Rəsmi olaraq, İrəvan İsrailin qərarına heç bir xüsusi siyasi əhəmiyyət verməyib. Bunun əsasında mövcud Ermənistan rəhbərliyinin son illərdə xarici siyasət prioritetlərində dəyişiklik olduğunu dəfələrlə bəyan etməsi dayana bilər. Bu gün Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlar, eləcə də Türkiyə ilə münasibətlərin normallaşdırılması Ermənistan üçün daha vacibdir.
Bundan əlavə, Ermənistanda İsrail hökumətinin qərarının hələ dövlət səviyyəsində yekun tanınmanın olmadığını yaxşı dərk edirlər, çünki müvafiq Knesset qərarı hələ verilməyib. Buna görə də Ermənistandakı bəzi siyasi qüvvələr gözləmə mövqeyini tutublar.
Lakin bu kontekstdə ən qədim terrorçu “Daşnaksütyun” partiyasının ali əlaqələndirici orqanının bəyanatına xüsusi diqqət yetirilməlidir.
“Əgər İsrailin təşəbbüsü məntiqi nəticəsinə çatarsa və İsrail parlamenti də “erməni soyqırımı”nın dövlət mövqeyi kimi tanınmasını təsdiqləsə, biz bu addımı alqışlayırıq”, - açıqlamada deyilir.
Bəyantda habelə vurğulanır ki, eyni zamanda, “soyqırım”ın tanınması İsrailə tarixi həqiqətlərdən, o cümlədən Qarbağda ermənilərə qarşı törədilən “cinayətlər”də iştirakından toxunulmazlıq hüququ vermir.
Müxtəlif xalqların təmsilçilərinə qarşı soyqırımlar törətmiş daşnakların siyasi partiyasının bu iddiaları bir daha göstərir ki, erməniçilik ideoloqları yəhudilərin özlərini də “erməni soyqırımı”nda ititham edirlər. Bu baxımdan, müstəqillik dövründə Ermənistanda yəhudilərə qarşı ifrat dərəcədə nifrətin təbliği heç də təsdüfi deyil. Bu siyasətin təməlində həmçinin son onilliklərdə benyəxalq erməni diasporunun qlobal miqyasda güclü yəhudi diasporu ilə liderlik uğrunda apardığı sərt mübarizə dayanır.
Şübhəsiz ki, İsrail hökuməti və parlamenti qodarma “erməni soyqırımı” ilə bağlı son qərarını çıxaranda bunun yəhudi dövləti üçün hansı əks effekti verəcəyi barədə yaxşı-yaxşı düşünməlidir. Eyni zamanda, İsrailin hətta öz strateji müttəfiqi olan ABŞ ilə münasibətlərinin gərginləşdiyi bir dövrdə Türkiyə ilə də münasibətləri kəskinləşdirmək nə dərəcədə məntiqlidir?
Azərbaycanın adekvat və praqmatik mövqeyi
İsrail hökumətini öz qərarını yenidən nəzərdən keçirməyə çağıran Azərbaycanın Xarici İşlər Nazirliyi belə bir addımın mənfi nəticələrə səbəb ola biləcəyini vurğulayıb. Qeyd edək ki, Bakı ənənəvi qaydada belə tarixi məsələlərin regional vəziyyəti çətinləşdirə və əlavə siyasi gərginlik yarada biləcəyini daim diqqətə çatdırır. Bu baxımdan, İsrailin qondarma “erməni soyqırımı” ilə bağlı qərarı regionda yeni siyasi-diplomatik vəziyyət formalaşdıra bilər ki, bu da müəyyən gərginliyin yaranacağını istisna etmir.
Yeri gəlmişkən, Azərbaycan bu məsələdə hələ ki, Türkiyəyə açıq dəstəyini rəsmi bəyanatla ifadə edən yeganə dövlətdir. Sözsüz ki, Türk Dövlətləri Təşkilatının digər üzvlərinin də sözügedən məsələyə adekvat reaksiya vermələri belə prinsipial hallarda qurumun vahid mövqedən çıxış etdiyini sübuta yetirərdi.
Bu baxımdan, Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatı Ankara-Bakı strateji müttəfiqliyinin və “bir millət, iki dövlət” prinsipinin növbəti əyani sübutudur. Bu isə, öz növbəsində, Türkiyədə bir müddətidr ki, Azərbaycanı “İsrailyönlü” siyasət aparan dövlət kimi təqdim etməyə çalışan və “müsəlman həmrəyliyi” arqumenti ilə Bakını tənqid edən dairələrin iddialarına ən sərrast cavabdır.
Yeri gəlmişkən, Azərbaycandakı yəhudi icmaları İsrail Knessetinin üzvlərinə müraciət edərək, onları qondarma “erməni soyqırımı”nın tanınması təşəbbüsünü dəstəkləməməyə çağırıblar.
Bəyanatda bildirilir ki, Azərbaycandakı yəhudilər əsrlər boyu sülh və qarşılıqlı hörmət mühitində yaşayıblar və Azərbaycanla İsrail arasındakı münasibətlər strateji tərəfdaşlıq və etimad nümunəsinə çevrilib.
Müraciət müəllifləri bu cür həssas tarixi məsələlərin müzakirəsinin regionda sülh və sabitlik perspektivlərinə mənfi təsir göstərə biləcəyini xüsusi vurğulayıblar.
Maraqlıdır ki, İsrailin qondarma “erməni soyqırımı” barədə qərarı fonunda Fələstin Ankaranı dəstəkləyən rəsmi mövqe sərgiləmər və görünür bunu heç etmək fikrində də deyil. Halbuki Türkiyənin son illərdə İsraillə münaibətlərinin kəskinləşməsinin əsas səbəblərindən biri məhz Fələstin dövlətinin yaradılması və onun təhlükəsizliyinin təminatı məsələsində Fələstinə güclü siyasi-diplomatik dəstək verməsidir. Təəssüflər olsun ki, hələ vaxtı ilə erməni rəsmiləri ilə görüşlər keçirmiş Fələstin Azadlıq Hərəkatının mərhum lideri Yasir Ərafat hətta müsahibələrindən birində ərəblərlə ermənilərin qardaş xalqlar olduqlarını da iddia etmişdi. Hazırda isə Fələstinin xarici işlər naziri erməni mənşəli şəxsdir.
Yeri gəlmişkən, məhz Fələstindəki və Livandakı terror düşərgələrində təlimlər keçmiş erməni yaraqlıları vaxtilə türk diplomatlarına qarşı terror aktları törədiblər. Həmin düşərgələrin yetirmələri Azərbaycanın Qarabağ bölgəsində törətdikləri cinayətlərlə də xüsusi “fərqləniblər”. Bu reallıqlar Türkiyədə həqiqi dostları və etibar oluna biləcək tərəfdaşların düzgün qiymətləndirilməsi üçün yeni imkanı yaradır.
Tarixi yaddaş və müasir geosiyasi reallıqlar
Qeyd edək ki, tarixi yaddaş məsələlərinin müasir diplomatiyanın alətinə çevrilməsi dəfələrlə sübuta yetib.
Müəyyən faciəli hadisələrin tanınması ilə bağlı qərarlar nadir hallarda tarixi faktlara söykənən həqiqətlər əsasında qəbul olunur. Onlar adətən mövcud beynəlxalq reallığı, ikitərəfli münasibətlərin vəziyyətini və dəyişən güc balansını əks etdirir.
Buna görə də, İsrail hökumətinin qondarma “erməni soyqırımı”nı tanımaq qərarı əsasən müasir Yaxın Şərq siyasəti prizmasından qiymətləndirilməlidir.
Böyük ehtimalla bu addım eyni vaxtda bir neçə məqsədi güdür: Türkiyəyə təzyiqi artırmaq, artan regional rəqabət qarşısında siyasi mövqe nümayiş etdirmək və Yaxın Şərqdə dəyişən güc balansı ilə əlaqəli hərbi və siyasi proseslərə təsir göstərmək.
Eyni zamanda, Knessetin yekun qərarının olmaması İsrailin hələlik özünə siyasi manevrlər üçün müəyyən manevr imkanı qoyduğunu göstərir. Beləliklə, indiki şəraitdə qondarma “erməni soyqırımı”nın tanınması İsrailin daha çox mövcud diplomatik strategiyasının bir elementi təsirini bağışlayır.
Sahil İsgəndərov, politoloq