BAKI, 1 iyul. TELEQRAF

SABAH İncəsənət Festivalının açılış mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, Müasir İncəsənət Muzeyində təşkil olunan tədbir SABAH qrupları layihəsinin incəsənət istiqamətləri üzrə təhsil alan tələbələrinin yaradıcılıq nailiyyətlərini nümayiş etdirmək, gənclər arasında təhsilə və yaradıcılığa marağı artırmaq, eləcə də ictimaiyyəti ali təhsildə əldə olunan uğurlarla tanış etmək məqsədi daşıyıb.

Açılış mərasimində dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbər və əməkdaşları, incəsənət ictimaiyyətinin nümayəndələri, rəssamlar və digər qonaqlar iştirak ediblər.

Tədbir Bakı Musiqi Akademiyası (BMA) SABAH tələbələrindən ibarət kvartetin ifası ilə başlayıb.

Festivalın ilk təqdimatlarından biri olaraq Azərbaycan Rəssamlıq Akademiyası (AzRA) SABAH tələbələrinin dizayn və dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgisi təşkil olunub. Müasir İncəsənət Muzeyində nümayiş olunan sərgidə tələbələrin hazırladıqları bədii xalça, bədii keramika və şüşə, bədii metal, bədii toxuculuq, dekorativ rəngkarlıq nümunələri, eləcə də dizayn işləri təqdim edilib.

Açılış proqramı çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH tələbələrinin ifasında “Rəssam, sevgilimin şəklini gəl çək” adlı bədii kompozisiya təqdim olunub.

Qeyd edək ki, AzRA SABAH tələbələrinin əl işlərindən ibarət sərgi 2-3 iyul tarixlərində də Müasir İncəsənət Muzeyində davam edəcək və bütün ziyarətçilər üçün açıq olacaq.

SABAH İncəsənət Festivalı incəsənətin müxtəlif istiqamətlərində təhsil alan gənclərin yaradıcılıq imkanlarının nümayiş etdirilməsi, onların peşəkar inkişafının dəstəklənməsi və gələcəyin yaradıcı mütəxəssislərinin tanıdılması məqsədi daşıyır.