BAKI, 3 iyun. TELEQRAF
“Müasir dövrdə ədalət yalnız güclə deyil, eyni zamanda hüquqi və diplomatik müstəvidə də öz həllini tapa bilər”.
Teleqraf xəbər verir ki, bunu BDU-nun rektoru Elçin Babayev “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda birinci beynəlxalq elmi konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanın ali təhsil müəssisələri və elmi institutları həqiqətlərin elmi əsaslarla üzə çıxarılması, dünya ictimaiyyətinə çatdırılması və müxtəlif istiqamətlər üzrə tədqiqatların aparılmasına xüsusi önəm verir:
“BDU-da 2023-cü ildə yaradılan Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi də məhz bu amala xidmət edir. Mərkəzin əsas vəzifəsi Qərbi Azərbaycan irsinin öyrənilməsi, elmi, tarixi, mədəni və hüquqi araşdırmaların aparılması və təbliğ edilməsidir. Mərkəz Qərbi Azərbaycanla bağlı məlumatları sistemli şəkildə öyrənərək akademik müstəvidə təqdim edir. Qərbi Azərbaycanın tarixi, toponimləri, folkloru, dialekt və şivələrinin araşdırılması, deportasiya və köç proseslərinin elmi şəkildə öyrənilməsi, “Qayıdış konsepsiyası” ilə bağlı akademik tədqiqatların aparılması istiqamətində elmi-tədqiqat işləri aparılır”.
Rektorun sözlərinə görə, BDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi məhz bu məqsədlə yaradılıb və burada müxtəlif istiqamətlər üzrə elmi tədqiqatlar həyata keçirilir.