XANKƏNDİ, 20 mart. TELEQRAF

Xankəndi şəhərində Novruz bayramı və Ramazan bayramı münasibətilə geniş konsert proqramı təşkil olunub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Zəfər meydanında keçirilən tədbirə şəhər sakinləri ilə yanaşı, turistlər də böyük maraq göstəriblər. Bayram ab-havası ilə yadda qalan gecədə tanınmış müğənnilər səhnəyə çıxaraq müxtəlif musiqi nömrələri təqdim edib, iştirakçılara xoş anlar yaşadıblar.

Tədbir Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi və müvafiq qurumların təşkilatçılığı ilə baş tutub. Konsert proqramı boyunca şəhərdə xüsusi canlanma müşahidə olunub, sakinlər bayram sevincini birlikdə bölüşüblər.

Gecənin kulminasiya nöqtəsi isə möhtəşəm atəşfəşanlıq olub. Səmanı bürüyən rəngarəng fişənglər tədbirə xüsusi gözəllik qataraq Xankəndidə unudulmaz mənzərə yaradıb.

Qeyd edək ki, bu kimi tədbirlər bölgədə ictimai-mədəni həyatın inkişafına və insanların asudə vaxtının səmərəli təşkilinə mühüm töhfə verir.