BAKI, 19 mart. TELEQRAF
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı və müqəddəs Ramazan bayramı ərəfəsində Vətən müharibəsi, eləcə də 12-13 sentyabr 2022-ci il tarixlərində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısının alınması zamanı şəhid olmuş Vətən övladlarının ailələrini ziyarət ediblər.
Bu barədə Teleqraf-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Görüşlərdə şəhid ailələrinin və müharibə əlillərinin sosial təminatının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu, torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası uğrunda canından keçmiş şəhid sərhədçilərin əziz xatirəsinin hər zaman qəlbimizdə yaşadığı qeyd olunub, onların döyüş yolu haqqında geniş məlumat verilib.
Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirib, dövlətimizin şəhid ailələrinə olan həssas münasibətini yüksək qiymətləndiriblər.
Bildirilib ki, şəhidlərimizin xatirəsinin anılması, onların ailələrinə mənəvi dəstəyin göstərilməsi hər bir vətəndaşın borcudur və Azərbaycan sərhədçiləri bundan sonra da Vətən uğrunda canını fəda etmiş qəhrəmanların xatirəsinə daim ehtiram göstərəcəkdir.
Görüşlərin sonunda ailələrə bayram sovqatları təqdim edilmiş, onlarla xatirə fotoşəkilləri çəkilib.