BAKI, 27 fevral. TELEQRAF
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) zamanı əsas istiqamətlərdən biri ölkəyə səfər edən qonaqlara Azərbaycanın tanıdılması məsələsidir.
Teleqraf xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq prosesinə həsr olunan mətbuat konfransında deyib.
O bildirib ki, bu tədbirə 7 istiqamət üzrə hazırlıq görmüşük.
"Otellərdə və müstəqil fəaliyyət göstərən təxminən 200 iaşə obyekti üçün xüsusi menyular tərtib etmişik. Menyuları otellərə təqdim edirik. Həmçinin otellərdə həm rəhbərlik, həm də işçi səviyyəsində xüsusi təlimlərin keçirilməsinə başlamışıq", - o vurğulayıb.
K.Quluzadə həmçinin qeyd edib ki, hazırda Bakıda 3 turizm informasiya mərkəzi fəaliyyət göstərir.
"Forumla bağlı dördüncü informasiya mərkəzi İçəri Şəhərdə yerləşdiriləcək.
O qeyd edib ki, forum üçün 24 maşrut üzrə turlar təşkil olunub. Bu turlar həm Bakı - Abşeronda, həm də ölkəmizin digər bölgələri - Quba, Qusar, Şəki, Şamaxı, Qəbələ, Lənkəran və işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək.