BAKI, 23 fevral. TELEQRAF
Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik.
- Elxan müəllim, əvvəlcə Respublika Qan Bankının fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verməyinizi xahiş edirik. Qan ehtiyatının toplanması prosesi necə həyata keçirilir?
- Səhiyyə Nazirliyinin “Respublika Qan Bankı” publik hüquqi şəxsi Azərbaycan Prezidentinin 16 iyul 2024-cü il tarixli Fərmanına əsasən yaradılıb. Ölkədə qan xidməti sahəsində mərkəzi və əsas icraçı qurum olaraq qan xidmətinin bütün mərhələlərinin vahid sistem əsasında idarə edilməsini təmin edir. Bizim fəaliyyətimiz yalnız qan toplamaqla məhdudlaşmır, daha geniş, strateji əhəmiyyətli bir səhiyyə xidmətini əhatə edir.
Qurumumuz tərəfindən donorların cəlb edilməsi və donorluğun təşkili, qanın təhlükəsiz şəkildə toplanması, geniş spektrli laborator müayinələrin aparılması, qanın müasir texnologiyalar vasitəsilə komponentlərə ayrılması, saxlanması və logistik idarə olunması, bütün tibb müəssisələrinin ehtiyaclarının operativ qarşılanması mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Yəni Respublika Qan Bankı donorla pasiyent arasında bütün prosesi vahid mexanizm daxilində koordinasiya edən, strateji qan ehtiyatının formalaşdırılmasına cavabdeh olan əsas qurumdur.
Missiyasımız təhlükəsiz və dayanıqlı qan xidmətini həyata keçirməkdir. Bu məqsədlə fəaliyyətimiz bir sıra istiqamətləri əhatə edir. Bura təhlükəsiz və davamlı qan ehtiyatının formalaşdırılması, könüllü və təmənnasız qan donorluğu mədəniyyətinin inkişafı, müasir laborator və informasiya texnologiyalarının tətbiqi, qan komponentlərinin beynəlxalq protokollara uyğun hazırlanması, regionlarda qan xidmətinin təşkili və koordinasiyası, fövqəladə hallar üçün strateji ehtiyatların təmin edilməsi, beynəlxalq standartlara uyğun keyfiyyətə nəzarət sisteminin qurulması və digərləri daxildir. Bu istiqamətlər bir-birini tamamlayan vahid mexanizm kimi fəaliyyət göstərir və ölkə üzrə qan təminatının fasiləsizliyini təmin edir.
Qan ehtiyatının toplanması elmi əsaslara söykənən və ciddi tibbi protokollarla tənzimlənən çoxmərhələli prosesdir. Respublika Qan Bankında donordan pasiyentə qədər izlənilə bilənlik prinsipi tətbiq olunur. Hər bir qan vahidi elektron informasiya sistemində qeydiyyata alınır. Bütün mərhələlərdə izlənilir. Əsas hədəfimiz təkcə qan toplamaq deyil, təhlükəsiz, keyfiyyətli, etibarlı, davamlı və şəffaf qan təminatı sistemini formalaşdırmaqdır.
.jpg)
- Qan Bankı necə formalaşır və illik qan ehtiyatı hansı mənbələr hesabına toplanır?
- Burada qan və qan komponentləri ehtiyatının formalaşması könüllü donorluq əsasında həyata keçirilir. Bu model, yalnız Azərbaycanda deyil, dünyanın əksər ölkələrində ən etibarlı, təhlükəsiz və davamlı qan təminatı mexanizmi kimi qəbul olunur.
İllik qan ehtiyatı bir neçə paralel mexanizm əsasında formalaşdırılır. Mən ilk növbədə mütəmadi olaraq Qan Bankına müraciət edən könüllü donorları qeyd etmək istərdim. Onlar sistemin əsas dayaqlarından biridir. Bundan əlavə, dövlət və özəl qurumlar mütəmadi olaraq könüllü qanvermə aksiyaları keçirməklə bizə böyük dəstək verirlər. Bu aksiyalar qan ehtiyatının əhəmiyyətli hissəsinin formalaşmasında mühüm rol oynayır. Ali təhsil müəssisələri, ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, media qurumlarının dəstəyi də xüsusi qeyd edilməlidir.
Bir məqamı da vurğulayım ki, tərəfimizdən ötən il ilk dəfə olaraq, iri ticarət mərkəzlərində könüllü qanvermə aksiyaları təşkil edildi. Bu təşəbbüs qanvermə mədəniyyətinin formalaşdırılmasına, könüllü donorların sayının artmasına və ictimai maarifləndirmənin genişləndirilməsinə mühüm töhfə verib.
Respublika Qan Bankı ölkə üzrə tibb müəssisələrinin ehtiyaclarını, əməliyyat saylarını, talassemiya və digər xroniki xəstəliklər üzrə tələbatı mütəmadi təhlil edir. Bu təhlillər əsasında illik və aylıq qan toplama planları hazırlanır. Bununla da resurslardan səmərəli istifadə təmin olunur, eyni zamanda, fövqəladə hallar üçün strateji ehtiyatlar saxlanılır. Bir sözlə, Qan Bankı bütün tibbi ehtiyacları qarşılaya biləcək stabil və dayanıqlı qan və onun komponentlərinin ehtiyatına malikdir.
- 2025-ci ildə qan toplanması göstəriciləri necə olub? Əvvəlki illərlə müqayisədə dinamika necədir?
- Son illərdə qan donorluğu göstəricilərində davamlı müsbət dinamika müşahidə olunur. 2023-cü il ərzində 93 min, 2024-cü il ərzində 124 148 nəfər qan vermişdisə, 2025-ci il ərzində bu göstərici bir qədər də artıb. Ötən il qan donorlarının sayı 133 892 nəfər təşkil edib.
2025-ci ilin nəticələri də göstərir ki, əvvəlki illərlə müqayisədə ölkə üzrə qanvermə prosesində faiz nisbətində artım tendensiyası qorunub saxlanılıb. Bu artım bir neçə mühüm amillə bağlıdır. Bunlar könüllü donor bazasının genişlənməsi, regionlarda mobil aksiyaların sayının artırılması, dövlət və özəl sektorla əməkdaşlığın gücləndirilməsi, eləcə də cəmiyyətdə qan donorluğu mədəniyyətinin daha da inkişaf etdirilməsidir.
Burada xüsusi vurğulamaq istərdim ki, qan xidmətinin uğuru təkcə toplanan qanın həcmi ilə ölçülmür. Könüllü donorların payı, daimi donorların sayının artması, toplanan qanın keyfiyyəti və təhlükəsizliyi, ehtiyatların davamlılığı da əsas meyarlardandır. Məhz bu meyarlar baxımından 2025-ci il əvvəlki illərlə müqayisədə daha müsbət nəticələrlə yadda qalıb.
.jpg)
- Qan köçürülməsi zamanı xəstəlik keçməsi riski ilə bağlı narahatlıqlar olur. Təhlükəsizlik necə təmin edilir?
- Bu, həqiqətən çox vacib və həssas mövzudur. Müasir transfuziologiyada qan komponentlərinin təhlükəsizliyi çoxpilləli və kompleks mexanizmlərlə təmin edilir. Respublika Qan Bankında donor qanı bir neçə mərhələli ciddi nəzarət prosesindən keçir. Bura donorun ilkin tibbi müayinəsi və risk faktorlarının qiymətləndirilməsi, laborator skrininq testləri, seroloji müayinələr, qanın komponentlərə ayrılması və keyfiyyət nəzarəti daxildir. Bu mərhələlərin hər biri beynəlxalq protokollara uyğun şəkildə aparılır. Heç bir qan vahidi tam yoxlanmadan kliniki istifadəyə buraxılmır.
Donor qanının təhlükəsizliyinin təmin edilməsi, HİV, Hepatit B və C viruslarının erkən mərhələdə aşkarlanması məqsədilə Səhiyyə Nazirliyi NAT (Nuklein Turşusu Testi) texnologiyasının tətbiqinə başlayıb.
Nazirliyin tətbiq etdiyi bu texnologiya donor qanının yoxlanılmasında beynəlxalq standartlara uyğunluğun daha da gücləndirilməsinə imkan yaradıb. NAT testi infeksiyaların “pəncərə dövründə” aşkarlanmasını mümkün edir və qan nümunələrinin daha yüksək dəqiqliklə müayinəsini təmin edir. Bununla da qan təhlükəsizliyi sahəsində Ümumdünya Səhiyyə Təşkilatı, Avropa İttifaqı direktivləri, Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO 15189) və GMP kimi beynəlxalq standartlara uyğunluğun təmin edilməsi istiqamətində mühüm irəliləyiş əldə olunub.
Səhiyyə Nazirliyinin donorluq sahəsində NAT texnologiyasını tətbiq etməsi Azərbaycanın transfuzion təbabətində mühüm mərhələ hesab olunur. Seroloji və NAT testlərinin birgə tətbiqi “ikiqat qoruma” prinsipi əsasında donor və resipiyentlərin təhlükəsizliyini ən yüksək səviyyədə təmin edir.
Bu metod hazırda ABŞ, Avropa İttifaqı ölkələri və inkişaf etmiş səhiyyə sistemlərində tətbiq edilən ən yüksək təhlükəsizlik standartı hesab olunur. Azərbaycanda NAT testinin tətbiqi qan köçürülməsi prosesinin etibarlılığını beynəlxalq səviyyəyə yüksəldib. Bununla yanaşı, qanın komponentlərə ayrılması, xüsusi filtirasiyadan keçirilməsi və müasir saxlanma rejimləri də təhlükəsizliyi daha da gücləndirir.
Nəticə etibarilə, görülən tədbirlər sayəsində qan köçürülməsi ilə bağlı infeksion risklər minimum səviyyəyə endirilib. Pasiyentlərin təhlükəsizliyi tam şəkildə təmin olunur.
- Regionlarda qan xidmətləri necə təşkil olunub?
- Respublika Qan Bankının 8 regional bölməsi mövcuddur: Sumqayıt, Quba, Şirvan, Şəki, Lənkəran, Bərdə, Mingəçevir və Gəncə şəhərlərində. Biz ölkə üzrə qan xidmətini mərkəzləşdirilmiş idarəetmə prinsipi əsasında həyata keçiririk.
Regionlarda qan xidmətinin təşkili bir neçə istiqamətdə qiymətləndirilməlidir. Bunlar mövcud regional bölmələr vasitəsilə donorluq xidmətinin təşkili, mütəmadi fəaliyyət göstərən mobil qan toplama briqadalarının işi, yerli tibb müəssisələri ilə operativ koordinasiya, qan komponentlərinin daşınması və vaxtında çatdırılmasıdır.
Mobil briqadalar xüsusilə regionlarda qan donorluğunun inkişafında mühüm rol oynayır. Bu briqadalar müxtəlif idarə, müəssisə və təşkilatlarda qanvermə aksiyalarını həyata keçirirlər. Bu yanaşma sayəsində bölgələrdə yaşayan vətəndaşların donorluq prosesində iştirakı asanlaşır, mərkəzə gəlmək imkanı olmayan şəxslər üçün əlçatan şərait yaradılır.
Regionlarda fəaliyyətimizin əsas məqsədi ölkənin istənilən nöqtəsində təhlükəsiz qan toplama imkanlarının yaradılması, toplanan qan komponentlərinin sürətli və düzgün logistik zəncirlə çatdırılması, yerli xəstəxanaların ehtiyaclarının vaxtında qarşılanması, fövqəladə hallar zamanı operativ reaksiya mexanizmlərinin hazır vəziyyətdə saxlanılmasıdır.
Bununla yanaşı, regional bölmələrdə çalışan tibb personalı mütəmadi olaraq peşəkar təlimlərə cəlb olunur, beynəlxalq protokollarla işləmək bacarıqları təkmilləşdirilir. Bu da xidmət keyfiyyətinin ölkə üzrə eyni səviyyədə olmasını təmin edir.
Mərkəzləşdirilmiş informasiya sistemi vasitəsilə bütün regionlarda toplanan qan vahid bazada qeydiyyata alınır. Beləliklə hansı bölgədə hansı qan qrupuna ehtiyac olduğu, hansı komponentlərin daha çox tələb edildiyi, real vaxt rejimində ehtiyatların vəziyyəti daim nəzarətdə saxlanılır.
- Azad olunmuş ərazilərdə qan xidmətlərinin təşkili istiqamətində hansı işlər görülür?
- Azad edilmiş ərazilər dövlətimiz üçün strateji, sosial-iqtisadi, həm də humanitar baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu bölgələr uzun illər işğal altında qaldıqdan sonra yenidən qurulur, əhali öz doğma torpaqlarına qayıdır və yeni yaşayış infrastrukturu formalaşır. Təbii ki, bu proseslər çərçivəsində səhiyyə xidmətlərinin, o cümlədən qan xidmətinin təşkili prioritet istiqamətlərdən biridir.
Strateji inkişaf planlarına uyğun olaraq yaxın vaxtda Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunda Respublika Qan Bankının regional bölmələrinin açılması nəzərdə tutulur. Bu bölmələrin yaradılması bir neçə mühüm məqsədə xidmət edəcək. Yerli əhali qan donorluğuna cəlb ediləcək, bölgədə daimi qan ehtiyatı formalaşdırılacaq, tibb müəssisələrinin ehtiyacları daha operativ şəkildə qarşılanacaq, hərbi və mülki səhiyyə strukturları ilə koordinasiya gücləndiriləcək. Eləcə də fövqəladə vəziyyətlər zamanı operativ tibbi dəstək təmin olunacaq.
.jpg)
- Elxan bəy, maraqlıdır, ölkə üzrə hansı qan qruplarına daha çox ehtiyac duyulur?
- Azərbaycanda ən çox rast gəlinən qan qrupları O Rh (+) və A Rh (+) qruplarıdır. Yəni, sadə dillə desək, I və II qan qrupları. Nisbətən daha az rast gəlinən qruplar isə B Rh (-) və AB Rh (-) qan qruplarıdır. Yəni, III və IV qruplar. Bu göstəricilər təbii olaraq qan və qan komponentlərinə olan ehtiyacın strukturuna da təsir göstərir. Ən çox istifadə olunan komponentlər məhz geniş yayılmış qruplara aid olsa da, qan xidmətində ən böyük çətinlik daha nadir rast gəlinən qruplarla bağlı yaranır.
Praktiki fəaliyyətimiz göstərir ki, ən problemli və tapılması çətin olan qan qrupları əsasən B Rh (-) və AB Rh (-) qruplarıdır. Əhali arasında faiz nisbəti baxımından bu qruplara az rast gəlindiyi üçün onlara olan ehtiyac yarandıqda uyğun donor tapmaq daha mürəkkəb olur. Respublika Qan Bankında ehtiyatların planlaşdırılması zamanı məhz bu amillər nəzərə alınır. Strateji ehtiyatların idarə olunmasında əsas prinsiplərdən biri də nadir qan qruplarına aid komponentlərin daim kifayət qədər ehtiyatda saxlanılması, mənfi rezuslu qan vahidlərinin xüsusi nəzarətdə saxlanılması, bu qruplar üzrə daimi donor bazasının formalaşdırılmasıdır. Bu məqsədlə nadir qan qruplarına malik donorların ayrıca reyestri aparılır, onlarla mütəmadi əlaqə saxlanılır, ehtiyac yarandıqda operativ şəkildə donorluğa dəvət edilirlər.
- Bəzən sosial şəbəkələrdə qana ehtiyacı olan şəxslərin müraciətlərini görürük. Bu, ehtiyat çatışmazlığı anlamına gəlirmi?
- Xeyr, qətiyyən. Sosial şəbəkələrdə bu tip müraciətlərin olması heç bir halda ölkədə qan ehtiyatının çatışmazlığı demək deyil. Bu müraciətlər daha çox emosional xarakter daşıyır və insanların yaxınlarının sağlamlığı ilə bağlı narahatlığından irəli gəlir. Qan xidməti sahəsi strateji və yüksək dərəcədə tənzimlənən bir sistemdir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da qan təminatı mərkəzləşdirilmiş dövlət mexanizmi vasitəsilə həyata keçirilir.
Pasiyentlərin ehtiyacı təsadüfi çağırışlarla deyil, tibbi əsaslandırılmış və rəsmi qaydada qurulmuş mexanizmlərlə qarşılanır. Tibb müəssisələri xəstələr üçün tələb olunan qan komponentlərini klinik protokollara əsaslanaraq rəsmi tələbnamə ilə Respublika Qan Bankına müraciət etməklə əldə edir. Hər bir müraciət operativ şəkildə təmin edilir.
- Dövlət və özəl xəstəxanalarda qan təminatı necə həyata keçirilir? Ödənişli qan təminatı mövcuddurmu? Belə fikirlər var ki, özəl tibb müəssisəsində qana ehtiyacı olan pasiyentin yaxınlarından üç nəfərin qan verməsinə qarşılıq 1 paket qan və plazma təhvil verilir. Bu iddialar nə dərəcə həqiqətəuyğundur?
- Bu sual ətrafında cəmiyyətdə bəzən müxtəlif fikirlər səsləndirilir. Ona görə məsələyə tam aydınlıq gətirmək çox vacibdir. Azərbaycanda qan və qan komponentlərinin təminatı tamamilə ödənişsizdir. Tibb müəssisələrində pasiyentlərə verilən eritrosit kütləsi, plazma, trombosit və digər komponentlər üçün hansısa ödəniş mexanizmi mövcud deyil. Bəzən cəmiyyətdə qan komponentlərinin verilməsi mexanizmi ilə bağlı müəyyən anlaşılmazlıqlar yaranır.
Respublika Qan Bankının ehtiyatı könüllü və təmənnasız donorluq hesabına formalaşır. Xəstələr üçün tələb olunan komponentlər məhz bu ehtiyatdan təmin edilir. Tibb müəssisələri pasiyent üçün lazım olan komponentləri rəsmi sifariş əsasında alır. Həmin komponentlər heç bir ödəniş olmadan təqdim olunur. Xəstə yaxınlarının qanvermə aksiyalarında iştirakı isə yalnız könüllülük və sosial həmrəylik prinsipi əsasında həyata keçirilir. Məqsəd gələcək ehtiyatın davamlılığını təmin etməkdir.
- Zəruri ehtiyacı ödəmək üçün müxtəlif qurumlara müraciətlər edilirmi?
- Bəli. Qan Bankının fəaliyyət strategiyasında könüllü qan donorluğunun inkişafı və qan ehtiyatının davamlı şəkildə formalaşdırılması üçün əməkdaşlıq mexanizmi çox mühüm yer tutur. Ona görə də mütəmadi olaraq dövlət qurumları, özəl şirkətlər, ali təhsil ocaqları, ictimai birliklər, qeyri-hökumət təşkilatları və s. müəssisələrlə birgə əməkdaşlıq çərçivəsində könüllü qanvermə aksiyaları təşkil edirik.
.jpg)
- Daimi donorlarınız varmı?
- Fəaliyyətimizin təməlini və əsas dayağını məhz könüllü və təmənnasız donorlar təşkil edir. Toplanan qanın mütləq əksəriyyəti bu kateqoriyaya aid şəxslərdən əldə olunur. Onlar qan xidmətinin dayanıqlılığını təmin edən ən mühüm insan resursudur. Könüllü donorların içərisində xüsusi bir qrup, yəni daimi donorlar mövcuddur. Bu insanlar mütəmadi olaraq, müəyyən intervallarla qan verərək ehtiyatların fasiləsizliyinin qorunmasında əvəzsiz rol oynayırlar. Daimi donorların mövcudluğu hər bir ölkənin qan xidməti sistemi üçün strateji əhəmiyyət daşıyır.
- Onlara ödəniş edilirmi?
- Qan Bankında ödənişli donor sistemi mövcud deyil. Belə yanaşma qəbulolunan hesab edilmir. Yaddan çıxarmayaq ki, qanın yeganə mənbəyi insandır. Azərbaycan qan xidmətində tamamilə könüllü və təmənnasız donorluq modeli tətbiq olunur. Bu, təsadüfi seçim deyil, beynəlxalq elmi əsaslara və qlobal təcrübəyə söykənən prinsipial mövqedir.
Biz hər bir könüllü donorun əməyini yüksək qiymətləndirir və onları insan həyatının xilaskarları kimi görürük. Tərəfimizdən 14 iyun - Ümumdünya Qan Donoru Günü yüksək səviyyədə qeyd edilir, qan xidmətinin təşkilində əvəzsiz xidmətləri olan donorlarımıza xüsusi ehtiram əlaməti olaraq təşəkkürnamələr təqdim edilir.
- İl ərzində toplanan qan həcmi ehtiyacı tam ödəyirmi? Müqayisəli dinamika necədir?
- Respublika Qan Bankında qan ehtiyatlarının formalaşdırılması təsadüfi qaydada deyil, elmi əsaslandırılmış planlama mexanizmi üzərində qurulub. Toplanan qanın həcmi hər il ölkənin real tibbi ehtiyaclarının dərin təhlili əsasında müəyyən edilir. İllik planlaşdırma zamanı bir sıra meyarlar nəzərə alınır. Məsələn, ölkə üzrə tibb müəssisələrinin rəsmi sifarişləri, cərrahi əməliyyatların və reanimasion müdaxilələrin sayı, təcili tibbi yardım halları üzrə statistika, müvafiq xəstəliklər üzrə mütəmadi transfuziya tələbatı, regionlar üzrə əhali sıxlığı, mövsümi və fövqəladə hallar riskləri və s. Bütün bu göstəricilər əsasında illik və aylıq qan toplama planları hazırlanır. Ehtiyatlar məhz bu planlara uyğun idarə olunur. Son illərin ümumi təhlili göstərir ki, Azərbaycanda qanvermə sahəsində müsbət və davamlı inkişaf dinamikası mövcuddur. Faiz nisbətləri baxımından hər il əvvəlki illə müqayisədə artım müşahidə edilir. Bu artım təsadüfi deyil. Bu, bir sıra sistemli tədbirlərin nəticəsidir.
Xüsusilə gənclər arasında donorluğa marağın artması, universitetlərdə və böyük kollektivlərdə keçirilən aksiyalar, media vasitəsilə aparılan təbliğat qeyd edilməlidir. Hazırkı mərhələdə formalaşan qan ehtiyatlı ölkə üzrə tibbi ehtiyacların qarşılanmasına tam imkan verir.
- Sonda insanlara könüllü qan donoru olması ilə bağlı nə demək istərdiniz?
- İlk növbədə vurğulamaq istəyirəm ki, qan vermək sadəcə tibbi prosedur deyil. Bu, insan həyatını xilas edən ən ali humanist addımlardan biridir. Donorluq, mərhəmət, həmrəylik və sosial məsuliyyətin ən gözəl təzahürüdür. Bir donorun verdiyi bir vahid qan ağır əməliyyat keçirən pasiyentin həyatını xilas edə bilər, talassemiyalı uşağın növbəti müalicəsini mümkün edə bilər, doğuş zamanı ağır qanaxma keçirən ananın sağ qalmasına səbəb ola bilər, qəza nəticəsində xəsarət alan insanı yenidən həyata qaytara bilər, onkoloji xəstənin müalicə prosesini davam etdirməsinə şərait yarada bilər. Yəni sizin bir neçə dəqiqənizi ayırıb verdiyiniz qan kimininsə bütöv ömrünə çevrilə bilər.
Qan donorluğu təkcə başqalarına yardım deyil. Bu, eyni zamanda, donorun özü üçün də faydalı prosesdir. Tibbi baxımdan sağlam insanın ildə 3-4 dəfə qan verməsi orqanizmə müsbət təsir göstərir. Bu proses qanın yenilənməsinə və təmizlənməsinə, sümük iliyinin daha aktiv fəaliyyətinə, immun sisteminin güclənməsinə, ürək-damar xəstəlikləri riskinin azalmasına, orqanizmin ümumi sağlamlıq göstəricilərinin yaxşılaşmasına kömək edir. Eyni zamanda, qan verən hər bir şəxs mütəmadi tibbi müayinədən keçdiyi üçün öz sağlamlıq vəziyyəti barədə də daimi məlumat əldə etmiş olur.
Könüllü qan donorluğu cəmiyyətin humanist dəyərlərinin ən bariz göstəricilərindən biridir. İnkişaf etmiş ölkələrdə qan donorluğu artıq həyat tərzinə çevrilib və bu mədəniyyətin formalaşması minlərlə insanın həyatının xilas edilməsi deməkdir.
Respublika Qan Bankı olaraq bütün vətəndaşlarımıza müraciət edərək deyirik ki, əgər sağlamlığınız imkan verirsə, 18–65 yaş aralığındasınızsa, özünüzü yaxşı hiss edirsinizsə könüllü qan donoru olmağı həyatınızın bir parçasına çevirin. Sizin verdiyiniz qan tanımadığınız bir insan üçün ümid, sabah, gələcək deməkdir. Donor olmaqla siz yalnız tibbi prosesdə iştirak etmirsiniz, insanlıq missiyasını yerinə yetirirsiniz. Unutmayaq ki, hər verilən qan xilas edilən bir həyatdır. Gəlin bu nəcib ənənəni birlikdə yaşadaq. Könüllü qan donoru olaq və daha çox insanın həyatına işıq olaq.
FOTO: Elnur Muxtar