BAKI, 20 fevral. TELEQRAF

"Qısa müddət əvvəl ölkəmizdə Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının yüksək səviyyədə və uğurla keçirilməsi Azərbaycan məhkəmə sisteminin beynəlxalq platformalarda etibarlı tərəfdaş, açıq dialoqa hazır və peşəkar institut kimi mövqeyini bir daha möhkəmləndirdi. Bu mötəbər tədbir yalnız təşkilati baxımdan deyil, məzmunu, müzakirə olunan məsələlərin aktuallığı və əldə olunan nəticələr baxımından da Azərbaycan hüquq ictimaiyyəti üçün mühüm əhəmiyyət kəsb etdi".

Teleqraf-ın xəbərinə görə, bu sözləri Azərbaycan hakimlər İttifaqının sədri Ramiz Rzayev Azərbaycan Hakimlərinin ilk Forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, bugünkü forum təkcə fikir mübadiləsi platforması deyil, həm də məhkəmə hakimiyyətinin inkişafı, hakim həmrəyliyinin gücləndirilməsi və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm bir mərhələdir:

"Burada toplaşmağımızın əsas məqsədi yalnız görülən işlərə nəzər salmaq deyil, eyni zamanda qarşıda duran vəzifələri daha aydın müəyyən etmək, müasir dövrün çağırışlarına uyğun yanaşmalar formalaşdırmaq və məhkəmə sistemimizin nüfuzunu daha da möhkəmləndirməkdir.
Müasir dövrdə məhkəmə hakimiyyətinin qarşısında duran vəzifələr təkcə hüququ tətbiq etməklə məhdudlaşmır. Hakimlər cəmiyyətin ədalətə olan inamının əsas təminatçısıdır. Bu inam isə yalnız peşəkarlıq, obyektivlik və qanunun aliliyi prinsiplərinə sadiqliklə deyil, eyni zamanda institusional güc, həmrəylik və davamlı inkişafla möhkəmlənir".

Ramiz Rzayev qeyd edib ki, Azərbaycan Hakimlər İttifaqı da məhz bu məqsədlə fəaliyyətini davam etdirir: "İttifaqımızın əsas vəzifələrindən biri hakimlərin peşə fəaliyyətinə dəstək vermək, onların hüquqlarının qorunması, peşəkar inkişafının təşviqi və hakimlər arasında sağlam, konstruktiv əməkdaşlıq mühitinin formalaşdırılmasıdır. Son dövrlərdə bu istiqamətdə görülən işlər, həyata keçirilən təşəbbüslər və qurulan beynəlxalq əlaqələr fəaliyyətimizin düzgün və ardıcıl istiqamətdə davam etdiyini göstərir. Tədbirlər planı və nəzərdə tutulan fəaliyyət istiqamətləri forum ərzində geniş müzakirə olunacaq. Bugünədək görülən işlər və əldə olunan nəticələr barədə bir qədər sonra Azərbaycan Hakimlər İttifaqının sədr müavini geniş məruzə ilə çıxış edəcəkdir.

Qarşıdakı dövrdə fəaliyyətimizdə daha sistemli yanaşmaların tətbiqi, beynəlxalq əməkdaşlığın davamlı şəkildə inkişaf etdirilməsi, hakimlərimizin beynəlxalq platformalarda iştirakının genişləndirilməsi və təcrübə mübadiləsinin artırılması əsas prioritetlərimizdən biri olmalıdır".

Ramiz Rzayevin sözlərinə görə, bu forum çərçivəsində aparılacaq müzakirələr də məhz bu məqsədlərə xidmət etməlidir: "Səsləndiriləcək fikirlər, irəli sürüləcək təkliflər və formalaşacaq yanaşmalar ümumilikdə məhkəmə sistemimizin gələcək inkişafına mühüm töhfə verəcək. Əminəm ki, forumumuz konstruktiv müzakirələrlə yadda qalacaq, hər birinizin dəyərli fikirləri ümumi məqsədlərimizə xidmət edəcək və qəbul ediləcək nəticələr praktik əhəmiyyət daşıyacaq.

Bir daha hər birinizə bu forumda iştirak etdiyiniz üçün təşəkkür edirəm".