BAKI, 4 fevral. TELEQRAF

"Liv Bona Dea Hospital" "Əli və Nino” Kitab Evinin sahibi Nigar Köçərli tərəfindən məhkəməyə verilməsi xəbərinə münasibət bildirib.

Hospitaldan Teleqraf-a bildirilib ki, qanunvericiliyin tələblərinə uyğun şəkildə hospital tərəfindən 31 yanvar 2026-cı il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilib, iddia ərizəsinə əlavə olunmuş sənədlər məhkəmə tərəfindən qeydiyyata alınıb:

"Bildirmək istərdik ki, Nigar Köçərli "Liv Bona Dea Hospital" barədə müxtəlif narazılıqlar səsləndirsə də, bu müddət ərzində hər hansı hüquqi addım atmayıb. Yalnız tərəfimizdən məhkəməyə müraciət edildikdən sonra qarşı tərəf vəkil ilə müqavilə bağladığını və məhkəməyə müraciət etdiyini ictimai şəkildə bəyan edib.

"Liv Bona Dea Hospital" olaraq biz bütün məsələlərin yalnız qanun çərçivəsində və hüquqi müstəvidə həll edilməsinin tərəfdarıyıq. İşgüzar nüfuzumuza və hüquqlarımıza vurulmuş zərərin aradan qaldırılması məqsədilə məhkəməyə müraciət etmişik və bu mərhələdə hər hansı kütləvi informasiya vasitəsində əlavə açıqlama verməyə ehtiyac görməmişik. Çünki bir şəxsin haqlı və ya haqsız olması yalnız məhkəmə qərarı ilə müəyyən edilir.

Yekun məhkəmə qərarı əldə edildikdən sonra, nəticə barədə ictimaiyyətə müvafiq məlumat təqdim ediləcəkdir".

Qeyd edək ki, bir müddət əvvəl sözügedən xəstəxanada əməliyyat olunan Nigar Köçərli ona göstərilən xidmətdən narazı qaldığını bildirmişdi. Bu gün isə sosial şəbəkə hesabında paylaşım edərək "Liv Bona Dea Hospital"ı məhkəməyə verdiyini açıqlayıb.