BAKI, 20 yanvar. TELEQRAF

Abşeron rayonunda 20 Yanvar faciəsi qurbanlarının 36-cı ildönümü dərin ehtiramla yad edilib. Rayon rəhbərliyi, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti Xırdalan şəhərində Şəhidlər abidəsini ziyarət edərək, şəhidlərimizin xatirələrini ehtiramla anıblar.

Heydər Əliyev Mərkəzində keçirilən anım tədbirində Ümummilli Liderin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni oxunub.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, “20 Yanvar” Cəmiyyətinin Abşeron rayon şöbəsinin sədri Eyşan İsgəndərov, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, 20 Yanvar şəhidi Allahyar Cəfərovun oğlu Pərviz Cəfərov, 48 saylı Dairə Seçki Komissiyasının sədri Dilşad Abbasova, əməkdar müəllim Teyyibe Huseynova və “Xüsusi Təyinatlı Qüvvələrin şəhid ailələri və veteranları” İctimai Birliyinin Abşeron rayon sədri Süleyman Cəfərov çıxış edərək bildiriblər ki, Sovet rəhbərliyi Azərbaycan xalqının azadlıq mücadiləsini boğmaq üçün faciə törətmişdir.

Bu dəhşətli cinayət də xalqımızı haqq yolundan döndərə bilməyib. Qeyd edilib ki, 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən verilib. Faciənin ertəsi günü, yəni yanvarın 21-də Ulu Öndər Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirib, 20 Yanvar faciəsinə siyasi qiymət vermiş, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və ozamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan edib. Ulu Öndər sonrakı fəaliyyəti dönəmində də 20 Yanvar həqiqətlərinə hüquqi qiymət verilməsi istiqamətində mühüm addımlar atıb. Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul edib. Daha sonra 1994-cü ilin mart ayının 29-da Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul olunub.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün dövlət başçısının təşəbbüsləri sayəsində effektiv sosial müdafiə sistemi formalaşıb.

Daha sonra çıxış edən şəhid ailələri ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirdiklərini vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.