BAKI, 20 yanvar. TELEQRAF
Böyük Britaniya hökuməti uşaqların internetdə təhlükəsizliyinin gücləndirilməsi məqsədilə yeni tədbirləri nəzərdən keçirir. Bu tədbirlər sırasında müəyyən yaşdan aşağı şəxslər üçün sosial şəbəkələrdən istifadənin qadağan edilməsi də yer alır.
Teleqraf xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, London bu məsələdə 2025-ci ilin dekabrında 16 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkələri qanunla qadağan edən Avstraliyanın təcrübəsini əsas götürür.
Bildirilib ki, Britaniya hakimiyyəti mümkün məhdudiyyətlərin geniş spektrini müzakirə edir. Buraya sosial şəbəkələrdə qeydiyyatın müəyyən yaş həddinə qədər tam qadağan edilməsi, eləcə də məktəblərdə mobil telefonlardan istifadəyə dair qaydaların sərtləşdirilməsi daxildir.
Məsələnin daha ətraflı araşdırılması üçün britaniyalı nazirlərin Avstraliyaya səfər etməsi planlaşdırılır. Məqsəd bu yanaşmanın effektivliyini qiymətləndirmək və onun Böyük Britaniya şəraitinə uyğunlaşdırılmasının mümkün olub-olmadığını müəyyənləşdirməkdir.
Qeyd olunur ki, Böyük Britaniyada tətbiq edilə biləcək konkret yaş həddi hələ açıqlanmayıb. Birbaşa qadağa ilə yanaşı, yaşın yoxlanılması mexanizmlərinin sərtləşdirilməsi və “rəqəmsal razılıq yaşı” anlayışının yenidən nəzərdən keçirilməsi də müzakirə olunur.