Azərbaycanda spirtli içki və siqaret-tütün məhsullarının istehsalında son dövrlərdə azalma müşahidə olunur. Statistik göstəricilərə görə, spirtli içkilərin istehsalı əvvəlki illərlə müqayisədə müəyyən faizlə azalıb, tütün məhsulunun istehsalında da daha ciddi düşüş müşahidə olunur.

Məsələ ilə bağlı iqtisadçı Eyyub Kərimli Teleqraf-a açıqlamasında bildirib ki, 2023–2025-ci illərin idxal statistikasını təhlil etdikdə son iki ildə həm tütün, həm də alkoqollu içkilərin idxalında 10 faizdən yuxarı artım müşahidə olunduğu nəzərə çarpır.

Onun sözlərinə görə, idxal isə daxili istehsalın azalmasına səbəb olur:

“Məlumdur ki, bu məhsulların istehsalı üçün xammalın böyük hissəsi xarici ölkələrdən gətirilir. Nəticədə yerli istehsalın qiyməti daha da yüksəlir. Digər tərəfdən, hökumət tərəfindən ilbəil, hər altı aydan bir tətbiq olunan aksizlər də bu məhsulların qiymətinin bahalaşmasına ciddi təsir göstərir. Əlbəttə, qiymət artımı ilə bağlı tütün istehlakında müəyyən azalma müşahidə edilə bilər, çünki bəzi insanlar elektron siqaretlərə üstünlük verirlər”.

İqtisadçı əlavə edib ki, növbəti illərdə daxili istehsalın azalması davam edəcək:

“İdxala aksiz tətbiq olunub və qiymət artırılıb, bu, xammala da tətbiq edilib. Hesab edirəm ki, gələcəkdə bu istiqamətdə tendensiya davam edəcək. Əgər xammalın daxili istehsalını təmin etməsək, bu sahədə idxaldan asılı qalacağıq. Vaxtilə ölkəmizdə bu sahədə iqtisadi göstəricilər yüksək olub, lakin həmin səviyyəyə çatmaq üçün ciddi islahatlar aparılmalı və dəstək məqsədli tədbirlər həyata keçirilməlidir. Bu, həmçinin qeyri-neft sektorunun inkişafı üçün vacibdir. Böyük tələbatın qarşısında yerli istehsalın artırılması mütləqdir.”

Eyyub Kərimli bildirib ki, statistikaya görə, yalnız 2024-cü ildə 118 milyon dollar dəyərində siqaret məhsulları, 104 milyon dollar dəyərində isə alkoqollu içkilər idxal olunub. Bu, 200 milyon dollardan çox vəsaitin ölkə xaricinə idxala yönəldiyini göstərir.

İqtisadçı idxalın əsasən hansı ölkələrdən həyata keçirildiyinə də toxunub:

“Tütün idxalında birinci yerdə Türkiyədir, onu Bolqarıstan, Rusiya, Çin, Almaniya və Birləşmiş Ərəb Əmirlikləri izləyir. Alkoqollu içkilərdə isə idxalın başlıca ölkələri Belarus, Rusiya və Qazaxıstandır. Spirtli içkilərin kateqoriyasında birinci yerləri isə Rusiya, İtaliya, Fransa, Gürcüstan və Belarus tutur.”