BAKI, 13 iyul. TELEQRAF

“Yeni ixtisas təsnifatı beynəlxalq təcrübə, iqtisadiyyatın prioritet istiqamətləri və əmək bazarının tələbləri nəzərə alınmaqla hazırlanır”.

Teleqraf xəbər verir ki, bu sözləri Peşə Təhsili üzrə Dövlət Agentliyini direktoru İlqar Bayramlı “Peşə təhsili üzrə ixtisasların təsnifatı”nın yenilənməsi ilə bağlı keçirilən görüşdə deyib.

Agentliyin direktoru bildirib ki, təsnifat sadəcə peşə ixtisaslarının yer aldığı siyahı deyil, gələcək dövrdə hansı sahələr üzrə mütəxəssis hazırlanacağını, peşə təhsilinin hansı istiqamətlərdə inkişaf edəcəyini, həmçinin əmək bazarı ilə təhsil sektoru arasında əməkdaşlığın necə qurulacağını müəyyən edən strateji sənəddir:

“Təsnifat layihəsinin hazırlanması ilə bağlı işlər uzun müddətdir həyata keçirilir. Bu istiqamətdə əsas işlərə 2023-cü ildə başlanılıb. Müxtəlif sahələr üzrə işçi qrupları yaradılıb, təsnifat layihələri hazırlanıb və peşə təhsilinin inkişaf istiqamətləri müəyyənləşdirilib.
Qarşıda peşə təhsilinin keyfiyyətinin artırılması, əmək bazarının tələblərinə uyğunlaşdırılması və yeni nəsil mütəxəssislərin hazırlanması kimi mühüm vəzifələr dayanır. İxtisasların təsnifata daxil edilməsi isə işin sonu deyil, əksinə, əsas mərhələ bundan sonra başlayır.

Təsnifat gələcəyin mütəxəssis hazırlığını müəyyənləşdirəcək. Ona görə də bu istiqamətdə gedən müzakirələrdə aktiv iştirak edilməli, müzakirələr aparılmalıdır”.