BAKI, 13 yanvar. TELEQRAF

Xaricdən gətirilən işlənmiş avtomobillər son illər yerli bazarda daha çox maraq görsə də, onların texniki vəziyyəti ilə bağlı şikayətlər də az deyil. Xüsusilə ABŞ, Cənubi Koreya və Avropa ölkələrindən idxal edilən maşınlarda gizli qəzalar, elektron nasazlıqlar, qət etdiyi yolun saxtalaşdırılması, həmçinin su basması kimi hallar tez-tez aşkarlanır. Bu səbəbdən alıcıların avtomobil seçərkən əlavə yoxlamalara üstünlük verməsi zəruri hesab olunur.

Mövzu ilə bağlı Avtomobil Dilerləri Assosiasiyası İdarə Heyətinin sədri Eyyub Əliyev Teleqraf-a açıqlamasında bildirib ki, xarici ölkələrdən Azərbaycana gətirilən avtomobillərin əsas problemlərindən biri onların qəzalı vəziyyətdə olmasıdır:

“Belə avtomobillər adətən ucuz qiymətə alınıb ölkəyə gətirilir, burada təmir edilərək satışa çıxarılır. Maya dəyərinin aşağı olması səbəbindən bəzi şəxslər bu üsula üstünlük verirlər. Təəssüf ki, fərdi şəxslər tərəfindən də qəzalı avtomobillərin təmir edilərək istifadəyə verilməsi hallarına rast gəlinir ki, bu da gələcəkdə ciddi problemlərə yol aça bilər. Hərçənd alıcılar avtomobilin qəza tarixçəsini VIN kodla yoxlaya bilirlər, lakin bu, yalnız keçmişi əks etdirir”.

Ekspert qeyd edib ki, avtomobilin texniki nasazlıqlarını müəyyənləşdirmək isə həmişə mümkün olmur:

“Son illərdə ölkəyə əsasən ABŞ, Cənubi Koreya və Yaponiya istehsalı olan avtomobillər gətirilir. Xüsusilə Yaponiyadan gətirilən avtomobillərdə sağdan sola sükan keçidi zamanı təhlükəli vəziyyət yarana bilər. Qeyri-peşəkar şəraitdə aparılan müdaxilələr sükanın kilidlənməsi, əyləc sistemində nasazlıq və digər fəsadlara səbəb olur. Belə avtomobillərin istifadəsinin minimuma endirilməsi yollarda təhlükəsizliyin təmin olunması baxımından daha məqsədəuyğundur”.

Assosiasiya sədri etibarlılıq baxımından yeni avtomobillərin daha üstün olduğunu qeyd edib:

“Belə avtomobillər dünya praktikasında geri çağırma kampaniyalarına daxil edilir və nasazlıq olarsa, təmir xərcləri istehsalçı tərəfindən ödənilir. Ölkəmizdə isə bazarda ucuz avtomobillərə tələbat artır. Bu tendensiyanı dəyişmək üçün ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq edilən güzəştlərin daxili yanma mühərrikli avtomobillərə də şamil olunması bazarı müsbət təsirləndirə bilər”.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov isə bildirib ki, xüsusilə Koreyadan gətirilən işlənmiş avtomobillərlə bağlı vəziyyəti ümumiləşdirib təqdim etmək doğru deyil:

“İşlənmiş avtomobil olduğuna görə müəyyən nasazlıqların olması təbiidir. Sensirlərin, əyləc sisteminin, hava yastıqlarının, park və start-stop sistemlərinin işləməməsi, multimedia panelində problemlərin olması mümkündür. Belə avtomobillərdə elektron bloklar tədricən sıradan çıxa, qısaqapanmalar və səbəbi bilinməyən xəbərdarlıq işıqları yaşana bilər, korroziya xüsusilə gizli hissələrdə meydana gəlir. Bu tip avtomobili sonradan satmaq da çətin olur. Oturacaqların altında paslanma, baqajda kif və kəskin qoxu, elektrik naqillərində oksidləşmə, diaqnostikada elektron xətalar və işıqlandırma sistemində buxarlanma izləri bunu aşkar etməyə kömək edir. Alıcılar avtomobilin tarixçəsi ilə maraqlanmağı və peşəkar texniki yoxlama aparmağı mütləq etməlidirlər”.