BAKI, 25 dekabr. TELEQRAF
Sosial şəbəkələrə, internetə aludəçilik hər iki cinsin nümayəndəsində özünü göstərir.
Teleqraf xəbər verir ki, bunu "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə "Yeni reallıqlar, yeni həllər: uşaqların ekran və virtual mühitə aludəçiliyi, müdafiəsiz vəziyyətə düşməsi" mövzusunda keçirilən ictimai müzakirədə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, qurbana çevrilmə faktlarında sığınacağa yerləşdirilmə müraciətləri daha çox qızlarla bağlıdır.
K. Ağazadənin sözlərinə görə, onların yaş həddi 10-17 yaşı əhatə edir.
"Bu günkü ictimai müzakirənin açılma səbəbi bütün dünyada uşaqların sosial şəbəkələr üzərindən qurbana çevrilməsi, zərərli vərdişlərlə qarşılaşması və onlarda aludəçilik yaranmasıdır. Bu da uşaqların psixoloji vəziyyətinin daha da gərgin olmasına gətirib çıxarır. Qurbana çevrilən uşaqlar hüquq-mühafizə orqanları tərəfindən münaqişəli vəziyyətə düşdüyü halda, ailədə fiziki şiddət görmə, özünə qəsd səbəbindən bizə yerləşdirildiyi zaman bəzi problemləri aşkarlayırıq. Müxtəlif oyunlar, "TikTok", "İnstagram" kimi platformalar və internetdən asılılıq, valideynlərin uşaqlara diqqətsizliyi aşkarlanan problemlərdəndir", - o vurğulayıb.