BAKI, 8 dekabr. TELEQRAF

Donor qanında infeksiyalar daha erkən aşkarlanacaq.

Teleqraf xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Qan Bankının Klinik-diaqnostik laboratoriyasının müdiri Sevinc Məhərrəmova nazirliyə açıqlamasında deyib.

O bildirib ki, Səhiyyə Nazirliyi Respublika Qan Bankında qan nümunələrinin laborator müayinəsi donor qanının təhlükəsizliyini təmin etmək məqsədilə ardıcıl və elmi əsaslara söykənən mərhələlər üzrə həyata keçirilir.

S. Məhərrəmovanın sözlərinə görə, bu proses zamanı qan və onun komponentləri müasir avadanlıqlarda seroloji, immunhematoloji, molekulyar-bioloji testlərdən keçirilir:

"Bütün testlərin əsas məqsədi qan vasitəsilə ötürülə biləcək yoluxucu infeksiyaları (İİV, Hepatit B, Hepatit C, sifilis) aşkarlamaq və belə halların qarşısını almaqdır. Qan təhlükəsizliyinin təmin olunması sahəsində Səhiyyə Nazirliyi Respublika Qan Bankı beynəlxalq praktikaya əsaslanır. NAT (Nucleic Acid Testing – Nuklein Turşusu Testi) texnologiyasına keçid beynəlxalq standartlara uyğunluğun daha da gücləndirilməsinə imkan verib. Bu texnologiya, infeksiyaların “pəncərə dövründə” aşkar edilməsinə şərait yaradır və donor qanının daha yüksək dəqiqliklə yoxlanmasını təmin edir. NAT texnologiyasının tətbiqi sayəsində qan təhlükəsizliyi sahəsində WHO, EU Directives, ISO 15189 və GMP kimi beynəlxalq standartlara uyğunluq təmin edilib".

O, donor qanı və onun komponentlərinin köçürülməsi zamanı əsas məqsədin təhlükəsizliyin təmin edilməsi olduğunu deyib.

"Resipientə (qan köçürülən şəxs) keçə biləcək infeksiya risklərinin minimallaşdırılması bütün transfuziya xidmətlərinin başlıca prioritetidir. Bu səbəbdən donor qanı ciddi laborator nəzarətdən keçirilməlidir. Səhiyyə Nazirliyi Respublika Qan Bankında donor qanı İİV (QİÇS), Hepatit B, C, sifilis infeksiyalarına qarşı seroloji və NAT üsülu ilə yoxlanılır. Seroloji testlər antigen və ya anticisimlərin aşkarlanmasına əsaslanır. NAT testi isə virusun genetik materialını birbaşa pəncərə dövründə - infeksiyanın ilkin mərhələsində aşkarlayır, daha həssas və erkən diaqnostik nəticə verir.

Donor qanına dair aparılan bütün infeksion testlərin nəticələri mütləq şəkildə neqativ olmalıdır. Yəni, qan nümunəsində heç bir infeksion agent – nə virus, nə əlaməti aşkar edilməməlidir. Testlərdən hər hansı biri pozitiv çıxarsa və ya nəticə şübhəli olarsa, həmin qan vahidinin tibbi istifadəsinə icazə verilmir və qan dərhal istismardan çıxarılır. Belə hallarda nəticələr barədə məlumat verilir və donor əlavə tibbi müayinəyə yönləndirilir. Məqsəd yalnız qan alıcısının təhlükəsizliyini təmin etməklə yanaşı, eyni zamanda donorun sağlamlıq probleminin erkən aşkarlanması və nəzarətə götürülməsidir. Bu proses həm donorun, həm də cəmiyyətin sağlamlığının qorunmasına yönəlmiş mühüm addımdır.

Hər bir donorun məlumatları, laborator nəticələri, yoxlama protokolları və qərar sənədləri Qan Bankının və ya laboratoriyanın informasiya idarəetmə sisteminə daxil edilir", - o vurğulayıb.