BAKI, 28 noyabr. TELEQRAF
Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya sahəsində əməkdaşlığı üzv ölkələri ortaq tarixi, mədəni və dil birliyi ətrafında birləşdirən strateji platforma kimi xüsusi əhəmiyyət daşıyır.
Teleqraf xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bu gün Bakıda keçirilən TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısında deyib.
O bildirib ki, informasiya mübadiləsinin genişləndirilməsi, saxta xəbərlər və hibrid təhdidlərə qarşı birgə mübarizə, eləcə də ümumtürk informasiya məkanının daha dayanıqlı və koordinasiyalı şəkildə qurulması bu əməkdaşlığın əsas hədəflərindəndir.
“Bugünkü toplantı türk dövlətlərinin bir daha birləşməsinə xidmət edir. Media əməkdaşlığımızın genişləndirilməsi üçün əlverişli platformadır. Bu forumun Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan həm ölkə daxilində, həm də ölkə xaricində medianın inkişafına böyük önəm verir. Bildiyiniz kimi, Azərbaycanda hər il Şuşa Qlobal Forumu keçirilir. Bu forum beynəlxalq aləmdə inkişaf etməyimizə və əlaqələrimizi genişləndirməyə imkan yaradır. Bu forum da Türk Dövlətləri Təşkilatının ölkəmiz üçün mühüm inkişaf imkanları yaratdığını göstərir”.
O, eyni zamanda Azərbaycan tərəfinin qlobal media trendlərinin təhlili, media savadlılığının artırılması və strateji kommunikasiya üzrə birgə təşəbbüslərin davam etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.