BAKI, 25 aprel. TELEQRAF
ReAl Partiyasının sədri Natiq Cəfərli Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Natiq bəy, ABŞ-İsrail və İran müharibəsi sonrası neftin qiyməti əvvəlki vəziyyətinə qayıtmaqdadır. Yəni, neftin qiyməti dünya iqtisadiyyatı üçün fəlakətli ssenarilərə səbəb olacaq səviyyəyə qalxmadı. Bundan sonra dünya neft birjalarındakı vəziyyətlə bağlı əsas proqnozlar nədən ibarətdir?
- Sözsüz ki, geosiyasi gərginliyin neft qiymətlərinə təsiri hər kəsə bəllidir. Tərəflər arasında danışıqlar baş tutmadıqda bazar dərhal buna reaksiya verir. Danışıqlarla bağlı pozitiv xəbərlər gələndə isə neftin birjalardakı qiyməti buna adekvat olur. Hətta bir həftə bundan qabaq neftin bir barreli 88 dollara qədər enmişdi. İndi isə yenidən 105 dollar civarına qədər yüksəlib.
- Geosiyasi gərginlik birjalar üçün hansı halda fundamental səbəb hesab edilir?
- Bu, o zaman təhlükəli olur ki, təməl səbəblər yaranır. Məsələn, 2007-2008-ci illərdə neftin bir barreli 147 dollara qədər bahalaşmışdı. Çünki bunun üçün təməl səbəblər var idi.

- Bu nə ilə bağlıdır?
- Neftin hasilatı ilə istehlakı arasında disbalans yarandığı halda bu hal baş verir. Neft daha az hasil olunsa da, tələb böyük olur. İndiki situasiyada isə elə bir tendensiya yoxdur. Hörmuz boğazı açıldıqdan, kommunikasiyalar bərpa edilikdən qısa zaman sonra tələb olunan neftin bazara daxil olması mümkün olur.
- Hazırda dünya bazarına tələb olunan neft məhsullarının çatdırılması mümkün olmur?
- Dünya bazarına gündəlik tələbatdan 10-11 milyon barrel az neft çıxarılır. Hələlik hamı ehtiyatlarından istifadə edir. Bu da sırf geosiyasi gərginliklə bağlı olan bir məsələdir. Yəni, əsas təməl səbəblər bu deyil. Gərginlik azalan kimi neftin qiymətləri də aşağı düşəcək.
- ABŞ-İran danışıqlarının hazırkı səviyyəsi ilə bağlı ilkin yanaşmalar necədir?
- İranın indiki davranışları başadüşülən deyil. Bu ölkə öz maraqları çərçivəsində deyil, proksi qüvvə kimi çıxış edir. Tehran faktiki olaraq, Amerika ilə müharibə aparan qrupların əlində alət rolundadır.
- Həmin qruplar kimlərdir?
- Çin ABŞ-İran qarşıdurmasını bir qədər uzatmaq niyyətindədir. Mayın 14-ə qədər ABŞ Prezidenti Donald Trampın Çinə səfər edəcəyi gözlənilir. Pekin bu vaxta qədər Vaşinqtonu bir qədər zəifləmiş formada qarşılamaq istəyir. Bu halda Pekin kömək təklifləri fonunda Ağ Evdən müəyyən güzəştlər qoparmağı hədəfləyib. Rusiya da bunda maraqlıdır ki, müharibə uzansın və o, bunun fonunda Ukrayna məsələsində güzəşt əldə edə bilsin.
- Avropa İttifaqının bu məsələdə əsas istəyi nədən ibarətdir?
- Trampın reytinqinin aşağı düşməsi üçün Avropa İttifaqı da müharibənin uzanmasında maraqlıdır. Onlar istəyir ki, Amerikada növbəti seçkilərdə “Respublikaçılar” məğlub olsun və bununla Avropa ilə Amerikanın keçmiş dövrdəki münasibətləri bərpa edilsin.