BAKI, 27 noyabr. TELEQRAF
Ortaq türk əlifbasına keçidin ləngiməsinin səbəbi yalnız texniki deyil, həm də siyasi və elmi məqamlarla bağlıdır.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan “Xabar” Agentliyinin sədrinin müavini Dauletxan Jiyenkulov noyabrın 27-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası çərçivəsində "Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv tədbirlər: türk dövlətlərinin media ekosistemi nümunəsində" adlı paneldə bildirib.
Onun sözlərinə görə, hazırda süni intellekt və müasir texnologiyalar bir sistemi digərinə bir neçə dəqiqəyə uyğunlaşdıra biləcək səviyyədə inkişaf edib:
“Mən bunun mümkün olduğunu bilirəm, siz də bunu deyəcəksiniz. Texniki baxımdan əlifbanı bir formadan digərinə keçirmək artıq problem deyil”.
Bununla belə, D. Jiyenkulov qeyd edib ki, məsələni yalnız texnologiya həll etmir. Ortaq əlifbaya keçid prosesi siyasi, sosial və dilçilik aspektlərini də özündə birləşdirir:
“Reallıqda bu məsələdə nəzərə alınmalı çox sayda siyasi və digər faktorlar var. Bizim alimlərimiz, dilçi mütəxəssislərimiz bunun üzərində çalışırlar”.
O vurğulayıb ki, proses müəyyən qədər fasilələrlə irəliləsə də, ümumi istiqamət dəyişməyib:
“Bu məsələnin həlli davamlı müzakirə tələb edir, amma əminəm ki, yaxın vaxtlarda cavabımız olacaq”.