BAKI, 27 noyabr. TELEQRAF
Sosial şəbəkə platformalarının türk dövlətlərində təmsilçiliyinin olması ölkələr üçün çox faydalı olardı.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstanın Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin İnformasiya siyasəti departamentinin baş mütəxəssisi Zarina Kalmuratova noyabrın 27-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası çərçivəsində "Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv tədbirlər: türk dövlətlərinin media ekosistemi nümunəsində" adlı paneldə bildirib.
Onun sözlərinə görə, uşaqlara məktəb dövründən başlayaraq nəqliyyatda və ictimai yerlərdə davranış qaydaları öyrədildiyi kimi, informasiya mühitində də eyni bacarıqlar formalaşdırılmalıdır:
“Biz təkcə informasiyanı almağı deyil, həm də onun düzgünlüyünü, etibarlılığını qiymətləndirməyi öyrənməliyik. Hər kəs paylaşdığı məlumata görə məsuliyyət daşıyır”.
O qeyd edib ki, müasir dövrdə əsas bacarıqlardan biri tənqidi düşüncədir:
“Məlumatın təqdim olunduğu çərçivəni anlamaq, subyektiv və manipulyativ yanaşmaları ayırd etmək bu sahədə xüsusi əhəmiyyət kəsb edir. İnformasiya emal olunmadan istehlak edilməməlidir. Necə ki, qidanı hazırlamadan qəbul etmirik, məlumatı da analiz edib dəyərləndirməliyik”.
Mütəxəssis bildirib ki, Qırğızıstanda yanlış informasiya ilə mübarizə üçün xüsusi hüquqi mexanizm mövcuddur:
“Dezinformasiyadan qorunma haqqında qanun” çərçivəsində son üç ildə onlarla qanunsuz informasiya resursu barədə tədbirlər görülüb. Qanun dövlət qurumlarına müəyyən hallarda belə saytları iki ay müddətinə bağlamağa mandat verir”.
Z. Kalmuratova vurğulayıb ki, görülən tədbirlər yanlış informasiya yayan bəzi resurslara qarşı müsbət nəticələr verib.
“Bununla belə, beynəlxalq sosial platformalarla əməkdaşlıq imkanlarının məhdudluğu prosesə çətinlik yaradır. Məsələn, Qazaxıstan YouTube-un regional nümayəndəliyi ilə işləyə bilir. Bizdə isə belə imkan yoxdur. Sosial şəbəkə platformalarının türk dövlətlərində təmsilçiliyinin olması ölkələr üçün çox faydalı olardı”.