BAKI, 24 noyabr. TELEQRAF

Bu gün Bakıda Azərbaycan-Qazaxıstan Qeyri-hökumət Təşkilatlarının birinci Əməkdaşlıq Forumu təşkil olunub.

Teleqraf xəbər verir ki, forum ilk dəfə olaraq Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu çərçivəsində baş tutub.

Tədbirin məqsədi iki ölkə arasında ictimai və mədəni əlaqələrin gücləndirilməsi, təcrübə mübadiləsi və gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsidir.

Forumda çıxış edən Qazaxıstan “Communiy HUB” ictimai fondunun rəhbəri Assiya Tikiyeva vurğulayıb ki, Türk Dünyası Astana üçün böyük əhəmiyyət kəsb edir. O qeyd edib ki, ölkələr tarix və mədəniyyət baxımından bir-biri ilə dərin bağlılığa malikdir və bu bağların möhkəmləndirilməsi qarşılıqlı əməkdaşlığın əsasını təşkil edir.

Həmçinin Qazaxıstanın “Səninlə gələcək” ictimai birliyinin sədri Jansıya İsmagulova çıxış edərək bildirib ki, belə tədbirlər iki ölkə arasında əməkdaşlığın güclənməsinə, ictimai təşəbbüslərin dəstəklənməsinə və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyətinin inkişafına şərait yaradır. Azərbaycandan “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Caman isə təklif edib ki, 24 noyabr Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin həmrəylik günü kimi qeyd olunsun.

Forum çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq perspektivləri, birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsi məsələləri müzakirə edilib.